ABŞ-ın Ohayo ştatındakı Klivlend şəhərində Kayahoqa bölgəsində Maykl Medisonun məhkəmə prosesi başa çatıb.
18 yaşlı Şerilda Terri, 38 yaşlı Ancela Deskins və 28 yaşlı Şeyitsa Şeeleni xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanmış M.Medison Kayahoqa bölgəsinin məhkəməsinin qərarı ilə edam cəzasına məhkum olunub.
Hökm oxunarkən Maykl Medison gülümsəyirdi. Onun bu rişxəngli gülüşü qətlə yetirilmiş qurbanlardan birinin - 18 yaşlı Şerilda Terrinin atası Van Terrinin səbr kasasını daşdırıb.
Hirslənmiş ata masanın üzərindən qatilə tərəf atılıb və onu boğmaq istəyib.
Van Terrini məhkəmə zalındakı polislər tutaraq çölə çıxarıblar.
Milli.Az AP-yə istinadən billdirir ki, 2013-cü ildə yaxalanmış Maykl Medison üç qadını oğurlayaraq qətlə yetirməkdə suçlanır. Onun qurbanlarından birinin cəsədi qarajda tapılıb.
37 yaşlı Maykl Medison qurbanlarını İst-Klivlend şəhərində öldürmüşdü. Onun dediyinə görə, yaşları 25-52 arasında olmuş 11 qadını vəhşicəsinə qətlə yetirmiş, "Klivlend manyakı" kimi tanınan Entoni Souellə bənzəmək istəyirdi.
Maykl Medisonun qurbanlarından biri İst-Klivlend şəhərinin 38 yaşlı sakini Ancela Deskinsdir. Onun cəsədi qarajda tapılıb.
İkinci qadının cəsədi qonşuluqdakı sahibsiz evdə, üçüncü cəsəd isə bir qədər kənardakı bağda idi. Hər iki cəsəd zibil kisələrinə bükülmüş vəziyyətdə basdırılmışdı.
M.Medison 2002-ci ildə zorlama cəhdinə görə 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
Şəhər meri Heri Nortoni deyib: "Onun əməlləri faciədir. Çox qəddar, vəhşi cinayətlər törədib. Əfsuslar olsun ki, başqa xəstə adamın təsiri altında olan xəstə insandır".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:










