Araşdırmalar göstərir ki, xeyli torpaq sahələri çoxsaylı məmurlar tərəfindən zəbt olunub, müxtəlif yollarla ələ keçirilib və istifadəsiz qalıb. Bu, yolverilməzdir.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə prezident İlham Əliyevin Nazirlər Kabinetinin son müşavirəsində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanda belə bir iqtisadi-siyasi kurs qəbul olunub ki, biz artıq neftdən asılılıqdan tam azad olmalıyıq və ölkəyə gəlir gətirən yeni sahələrin üzərində çalışmalıyıq. Təbii ki, burada bir neçə aspekt var. Onlardan biri də, xüsusilə kənd təsərrüfatında islahatların aparılmasıdır və artıq bu işlər gedir: "Ölkədə tütünçülük, üzümçülük, pambıqçılıq, baramaçılıq və s. kimi sahələrə xüsusi önəm verilir və artıq cücərtilər də var. Lakin bu islahatların həyata keçirilməsi zamanı qarşıya maneələr də çıxır".

Çingiz Qənizadənin fikrincə, xüsusilə, 10 hektarlarla, bəlkə də daha da çox kənd təsərrüfatı təyinatlı torpaqlar ayrı-ayrı adamlar tərəfindən icarəyə götürülüb, yaxud da satın alınıb və uzun illərdir ki, istifadə olunmaması yolverilməzdir: "Belə olan halda pambıqçılığın inkişafı, barama üçün tut ağaclarının, eləcə də tərəvəz və bostan bitkilərinin əklilməsi üçün torpaq tapa bilmirik. Araşdırılanda isə məlum olur ki, xeyli torpaq sahələri çoxsaylı məmurlar tərəfindən zəbt olunub, müxtəlif yollarla ələ keçirilib və istifadəsiz qalıb. Cənab prezident də çox haqlı olaraq bu məsələyə toxundu və qeyd elədi ki, o məmurların adları onda var. Bəzi məmurlar üzüm sahələri adı ilə, digəri gələcəkdə nəsə edəcəyi adı ilə torpaqları alıb, amma heç bir iş görmədiyindən torpaqlar boş, istifadəsiz qalıb. Bəzi məmurlar isə orada at saxlayırlar. Bu, yolverilməzdir. Qanun məmura bunu icazə verir-vermir bu artıq başqa məsələdir, amma ən azından torpağı qohum-əqrəbasının adına alıbsa da, ondan istifadə etməlidir. İstifadəsiz olanda, təbii ki, cənab prezidentin təpkisinə və iradına tuş gəlirlər. Ona görə də artıq torpaqların geri alınması yolları müzakirə olunur. Hətta bəzi rayonlarda məmurlarla bağlı belə bir siyahının hazırlanmasına başlanılıb".

Millət vəkili hesab edir ki, Azərbaycanın gözəl, əlverişli iqlimi var və biz ondan səmərəli istifadə edilməlidir: "Yəni əgər Azərbaycanın ərazisinə 11 iqlim qurşağından 9-u düşürsə, istər meyvəçilik, istər tərəvəzçilik, istər pambıqçılıq, istər baramaçılıq və s. olsun, kənd təsərrüfatı sahələrinin inkişafını buna uyğun qurmalıyıq. Bu işdə hər birimiz maraqlı olmalıyıq. Çünki ölkənin valyuta ehtiyatları artdıqca bu, sosial layihələrin inkişafına təkan olacaq, yarımçıq qalmış işlər sona çatdırılacaq. Ölkədə inlfyasiya və devalvasiyaların qarşısı alınacaq. Məhsul bolluğu olacaq. Artıq onların digər ölkələrə, dünya bazarına çıxarılması üçün yollar axtarılır. Bununla bağlı prezidentin tədbirlər planı var və onun reallaşması istiqamətində işlər gedir. Bu layihələrin reallaşması, qarşıya qoyulan məqsədlərin həyata keçməsi, maneələrin aradan qaldırılması üçün hər bir məmur, hər bir vətəndaş yardım etməli, cənab prezidentə dəstək olmalıdır. Hesab edirəm ki, yaxın bir neçə ildən sonra bu sahədə uğurlu nəticələrin şahidi olacağıq. O zaman maneçilik törədən və ya passivlik göstərənlər biləcəklər ki, bu, uzunmüddətli, bir neçə ilə hesablanmış, amma Azərbaycan üçün çox uğurlu bir iqtisadi modeldir və burda iştirak etməyinə dəyərdi".
İlkin İzzət
Milli.Az