Xarici ölkələrdə tələbələr imtahan verməyəndə kursda qalır və həmin kursun təhsil haqqını yenidən ödəyir. Tələbə imtahanı verə bilməsə, ali təhsil müəssisəsini bitirə bilmir. Nəticədə xarici ölkələrin nüfuzlu təhsil müəssisələri savadlı kadr yetişdirir. Bizdə isə heç də diplom alan hər kəsə savadlı kimi baxmırlar. Çünki bizim universitetlər savadsız kadr yetişdirir. "Pulunu ver, kef elə" prinsipi ilə tələbələr heç oxumaya da bilər.

Bizdə oxumağa görə deyil, oxumamağa görə pul verirlər

Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilovun Milli.Az-a bildirdiyinə görə, təhsil müəssisələrimizdəki yaranmış neqativ situasiyanı keçid dövünün fəsadları kimi də dəyərləndirmək olar: "Bizdə bir sıra inkişaf etmiş ölkələrlə müqayisədə ali məktəbə daxil olmaq çətin, onu bitirmək proseduru isə asandır. Başqa sözlə ifadə etsək, girişə qapılar nisbətən qapalı, çıxışa isə tam açıqdır. Lakin bunun əksi ali təhsil müəssisələrinə daha savadlı kadr yetişdirməyə imkan verər. Ali məktəblərə qəbul sadələşdirilməli, buraxılış qaydaları isə daha da mürəkkəbləşdirilməlidir. Mövcud vəziyyət cəmiyyət arasında belə bir deyim də formalaşıb ki, başqa ölkələrdən fərqli olaraq bizdə oxumağa görə deyil, oxumamağa görə pul verirlər".

N.İsrafilov deyib ki, sovet təhsil sisteminin normativlərinə əsasən, tələbə qəbulu ayrılıqda hər bir ali təhsil müəssisəsi tərəfindən aparılırdı: "Tələbəyə imtahan kəsirini aradan qaldırmaq üçün o zamanlar daha çox "napravleniya" deyilən 3 göndəriş vərəqəsi verilər, bu məqsədlə konkret vaxt, müddətlər müəyyənləşdirilərdi. Üçüncü cəhddə də uğursuzluğa uğrayan tələbə ali məktəbdən xaric olunardı. Qərb təhsilinə inteqrasiya etməyimiz və bunun nəticəsi kimi Boloniya sisteminə qoşulmağımızla əlaqədar "zaçot"lar kollokviumlarla, imtahanlar kreditlərlə əvəzləndi. Ali təhsildə bakalavriat və magistratura pillələrində müvafiq olaraq təhsilalma formaları və müddətləri dəyişdirildi və s.

Bu mənada Boloniya prosesinin şərtləri tövsiyə xarakteri daşıdığından, məsələn, bakalavriatı və magistraturanı başa vurmaq müddətləri, qayiblərin nəzərə alınıb-alınmaması, kreditlərin sayı, yay imtahanlarının təşkili, ödənişli kreditlərin tətbiqi və s. məsələlərdə bu prosesin şərtlərinə əməl olunması istiqamətində istər-istəməz müəyyən kənarçıxmalara yol verilir. Hesab edirəm ki, bunu hər şeydən əvvəl sovet təhsil sistemindən tam çıxmamağımız, Qərb təhsil sistemini kifayət qədər mənimsəməməyimiz və Qərb ənənələrinə tam adaptasiya olunmamağımızla əlaqədar keçid dövrünün fəsadları kimi qəbul etmək və qiymətləndirmək olar".

Bir çox tələbələrimizin bilik və hazırlıq səviyyəsinin nisbətən aşağı səviyyədə olmasına və ali məktəbi bitirdikdən sonra əlavə hazırlığa ehtiyacı olmalarına gəlincə isə ekspert bildirib ki, bu, daha çox test çalışmalarındakı müəyyən məhdudiyyətlər, biliklərin qiymətləndirilməsi mexanizmlərindəki bir sıra boşluqlar və yeni tətbiq olunan qaydalara rəğmən tələbələrdə məsuliyyət hissinin müəyyən qədər azalması ilə əlaqədardır: "Bununla belə ali təhsil sistemində xüsusilə imtahan prosesinin təşkilində və keçirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, bu istiqamətdə baş verən hər hansı bir neqativ halın vaxtında və operativ surətdə qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirilir və bu proses davam etməkdədir".

Yeni təhsil mühiti formalaşacaqmı?

Əməkdar müəllim, təhsil sahəsi üzrə ekspert Almaz Həsrətin sözlərinə görə, xarici ölkələrdə olan əksər sistemi həmən bizim ölkədə tədbiq etmək doğru olmazdı: "Çünki hər bir ölkənin özünə uyğun qayda-qanunları olduğu kimi, bizim də özümüzə uyğun tələblərimiz və qaydalarımız var.

Əgər söhbət təhsildən gedirsə, burada da çox diqqətli seçimlər edilməlidir. Çünki bizim respublikamızın öz adət-ənənələri, öz milli-mənəvi dəyərləri, özünün uğurlu inkişafa aparan milli təhsil strategiyası var.

Xaricdə tələbələrin təhsilinə gəlincə, bəli, onların təhsil alma prosesi bizim əksər ali təhsil müəssisələrində olan tədris prosesindən fərqlənir. Ancaq bizim ali təhsil müəssisələrimizin də içində elələri var ki, onların nümunəsindən digər xarici ölkələrin də tədrisdə istifadəsi üçün örnək götürmək olur".

A.Həsrət qeyd edib ki, xaricdə tələbələrin əksəriyyəti qiymət və məhz ali təhsil alsınlar deyə oxumağa bir o qədər də meylli deyillər: "Bu olmadığı halda onlar təhsilini zəif və ya çox aşağı göstərici ilə bitirirlərsə, yeni tədris ili üçün çox rahatlıqla ödəniş edirlər. Bizdə isə bəzi təhsil alanlarımızda belə deyil. Bəzi tələbələr təhsillərini, məhz biliklərini artırmağı düşünmürlər, daha doğrusu bəzi tələbələrimiz təhsillərinin artması üçün deyil, sanki, yalnız qiymətimiz olsun deyə ödəniş etməyə hazırdırlar. Bu, təbii ki, köhnə sovet təfəkküründən qalma bir tendensiyadır. Yəni bu, köhnə sovet dövründən qalma təhsil islahatına görə bizim əhalinin çox da savadlı olmaması üçün bu üsulu tətbiq etməyə çalışıblar. Pul ödə ki, təhsil alma! Budur köhnə təhsil ideologiyasının qalıqları. Ancaq artıq bütün bunlar geridə qalmaq üzrədir. Bizim tələbələrimiz yeni təhsil mühitinə doğru gedirlər.

Bizim ali təhsil müəssisələrində Bolonya sistemi tədbiq olunur. Tələbələr əgər qiymət (bal) almayıblarsa, o zaman onlar kəsrlərini ödəmək üçün özlərindən kurs aşağı olan tələbələrin dərslərində iştirak edirlər. Beləliklə də, öyrənəcəyi proqramı öz həmyaşıdları ilə deyil, digər qrupun tələbələri ilə bərabər keçirlər.

Mən gələcəkdə təhsil nəticələrinə görə göstəriciləri aşağı olan, kəsrləri çox olan tələbələrin ali təhsillərini verilən müddətə deyil, tam bilik və bacarıq səviyyələrinə uyğun olacaqları təqdirdə bitirmələrinə üstünlük verərdim. Əminəm ki, ali təhsil müəssisələrində təhsilin mükəmməl olması işində inkişaf yönümlü işlər aparılacaq. Tam mükəmməl bilikli və bacarıqlı tələbələr bizim savadlı kadrlarımız kimi gələcəyimizin idarəediciləri olacaqlar".

"Xarici ölkələrin ali məktəblərində də..."

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin sözlərinə görə, istər xarici ölkələrin, istərsə də Azərbaycanın ali məktəblərində təhsilin keyfiyyətli tədrisini həyata keçirmək üçün lazım olan vasitələr fərqlidir: "Ölkədəki bəzi təhsil müəssisələrində müasir tələblərə cavab verən texnologiya, laboratoriyalar var, bəzilərində isə zəifdir. Xüsusilə də, özəl universitetlərdə. Xarici ölkələrin ali məktəblərində də, əsasən son 10-15 ildə yarananlarda da vəziyyət belədir. Amma 60-70 illik tarixi olan, illər ərzində təcrübə qazanan, ayrı-ayrı universitetlər arasındakı əlaqələrdən yaranan yeniliklərin tətbiqinə, bu illərdə rektor-müəllim kadrının yetişdirilməsinə nail olan universitetlər dünyada seçilir. Bizdə də belə universitetlər var. Məsələn, BDU, Xəzər Universiteti.

Bizdə belə bir yanaşma var: xarici ölkədə oxuyanlar daha savadlıdır. Bu yanaşmaya əsas verən xaricdə təhsil alıb gələnlərin xarici dili, müasir texnologiyaları mükəmməl bilməyidir. Bizim ali məktəblərin tələbələrilə, hətta dillər universitetini 5 il oxuyub bitirəndən sonra da ingiliscə danışmaq mümkün deyil. Bizim ali məktəblərdə müəllimlərin keyfiyyəti, ixtisas hazırlığı zəifdir. Niyə zəifdir? Çünki bəzi müəllimlər kimlərinsə, subyektiv mülahizələri əsasında müəllimliyə təqdim olunur. Tibbin özündən tutmuş digər sahələrə qədər bu gün müdafiə edənlərin əksəriyyətinin elmi-tədqiqat işindən xəbəri yoxdur. Ona-buna yazdırırlar. Bununla alim meydana çıxa bilər? Bizdə güclü alimlərlə yanaşı saxtakarlar, təmənna güdənlər, elmi çökdürənlər var. Elmi, biliyi, təhsili - hər şeyi çökdürən təmənnalılıqdır. Xaricdə təmənna güdmək yoxdur. Bilirsə, oxuyacaq, bilmirsə, oxumayacaq! Amma Azərbaycanın bəzi ali məktəblərində belə deyil. Bilsə də, oxuyacaq, bilməsə də, bitirəcək və diplom alacaq".

Onun fikrincə, tələbələrin savadsız yetişdirilməsində sosial məsələlər, münasibətlər də rol oynayır: "Xarici ölkələrdəki tələbələr çox müstəqildir, təşəbbüskardır. Tələbə-müəllim münasibətlərində onlar müəllim tərəfindən şəxsiyyət kimi qəbul olunur. Ona görə də tələbə ictimai fəallıqla şəxsiyyətini inkişaf etdirir və cəsarətlə hər işə girişə bilir. Amma bizim bir sıra ali məktəblərdə tələbə qorxur, çəkinir, müəllimlə danışa bilmir, müəllim ona məmur kimi yanaşır, əmr edir, verdiyi vədi yerinə yetirmir, tələbəni asılı vəziyyətə salır. Tələbə ali məktəbi bitirib fəaliyyətə başlayanda xeyli ictimai adaptasiya keçməyə məcbur qalır.

Ali məktəblərimizdə təmənna güdənlər olmasa, dünyada ən yaxşı təhsil müəssisələri olardı. Ona görə ki, Azərbaycanda yaşayan insanlar qədər intellektualı, qabiliyyətlisi və gözəli yoxdur".

Aynurə Məmmədova
Milli.Az