Bakı, 28 fevral, AZƏRTAC
Respublika Diaqnostika Mərkəzində elmi-praktiki konfrans keçirilib.
Konfransda Mərkəzin baş direktoru Cavid Əbdülqədirov ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, müasir cihaz və avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Respublika Diaqnostika Mərkəzi Azərbaycanda ən son texnologiyalara əsaslanan avadanla malik müasir tibb ocaqlarından biridir. Klinikada mütəmadi olaraq əcnəbi mütəxəssislərlə birgə tibbin son nailiyyətlərinə əsaslanan müxtəlif müayinə və müalicə metodları, unikal əməliyyatlar, eləcə də müştərək elmi konfranslar həyata keçirilir. Aparılan birgə elmi əməkdaşlıq əlaqələrində qardaş Türkiyə ilə təcrübə mübadiləsi mühüm yer tutur.
Səhiyyə Nazirliyinin Elmi –Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev Azərbaycanla Türkiyə arasındakı səhiyyə əlaqələrinin inkişafından danışaraq, belə tədbirlərin bu əlaqələrin daha da inkişafı, kadr hazırlığı və təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib. Ankara Tibb Universitetinin professoru Əli Özdən Diaqnostika Mərkəzində əhaliyə yüksək səviyyəli tibbi xidmətin göstərilməsi üçün yaradılan şəraitdən razılığını bildirib.
Sonra Türkiyəli və yerli mütəxəssislər müzakirə olunan mövzu ilə bağlı aparılan elmi araşdırmalar və həyata keçirilən müalicə metodları barədə fikirlərini bölüşüblər.