Bakı, 1 mart, AZƏRTAC
Belçikalı Hind Ben Abdelkader basketbolun 3x3 növündə ən yaxşı gənc qadın oyunçularından biri hesab edilir. 19 yaşındakı idmançı yüksək reytinqli İspaniya liqasının “Cadi La Seu d`Urgell” komandasında oynayır. Əslən Brüssel şəhərindən olan basketbol ulduzu, həmçinin reytinqdə dünya basketbolunun 3x3 növündə bir nömrəli qadın oyunçulardan hesab edilir.
Qitədə dörd dəfə ilin oyunçusu seçilən və basketbolun bu növü üzrə qadınlar arasında Avropa liqasında çempion olan Ann Vauters, eləcə də Sara Leemans və H.B.Abdelkaderdan ibarət olan Belçika komandası “Bakı-2015” birinci Avropa Oyunlarında fəxri kürsünün yüksək pillərinə qalxmağa namizəddir.
H.B.Abdelkader bildirib ki, Bakıda yarışmaq onun üçün böyük təcrübə olacaq. “Avropa Oyunları çoxnövlü idman yarışlarıdır.
Bu, bizə yaxşı təcrübə qazandıracaq. Mən basketbolun 3x3 növündə oynamaq və Avropa Oyunları kimi böyük idman yarışlarında iştirak etmək üçün Bakıdakı oyunları səbirsizliklə gözləyirəm. 3x3 basketbolun inkişaf edən bir növüdür. Biz basketbolun 3x3 növünün Olimpiya Oyunlarının proqramına daxil olmasını istəyiriksə Bakıdakı yarışlar buna doğru ilk addım olacaq”.
Basketbolçu deyib: “Belçika liqasında ötən ilin ən yaxşı oyunçusu seçilən Sara Leemans və basketbol əfsanəsi olan Ann Vauters ilə birgə komanda yaratmışıq. Biz birlikdə oynamaqdan zövq alırıq. Hesab edirəm ki, birgə böyük nailiyyətlər qazana bilərik və Belçika komandasının Avropa Oyunlarında məqsədi medal qazanmaqdır”.
H.B.Abdelkader Bakıda olmağı, Belçika komandasının tərkibində basketbolun 3x3 növündə ilk Avropa Oyunlarında iştirak etməyi səbirsizliklə gözlədiyini bildirib.