Xəbər verdiyimiz kimi, Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin birgə layihəsi olan "Buzlar diyarı" tamaşası hazırlanır. Milli.Az bildirir ki, tamaşanın ədəbi əsası gürcü dramaturqu tərəfindən hazırlanıb və Azərbaycan dilinə tərcümə olunub. Balaca tamaşaçıların zövqünü oxşayacaq tamaşa Azərbaycan və rus dillərində nümayiş olunacaq. İki heyətlə hazırlanan tamaşanın Azərbaycan dilli heyəti ilə məşqlər artıq yekunlaşmaq üzrədir. Tamaşaçılara unudulmaz təəssüratlar yaşatmaq üçün ən son səhnə texnologiyalarından və monitor, 3D proyektor kimi müasir audio-vizual vasitələrdən istifadə nəzərdə tutulub. Tamaşada istifadə olunacaq geyimlər Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları tərəfindən hazırlanır.
İnteraktiv oyun üslubunda hazırlanan səhnə əsərində tamaşaçılar da oyunun bir hissəsinə çevriləcək və Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi sevimli qəhrəmanları ilə birgə unudulmaz anlar yaşayacaqlar. Tamaşanın premyerası 22 oktyabr tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında keçiriləcək. Biletlər şəhərin bütün kassalarında və Asan Xidmət mərkəzlərində satışdadır. Biletləri yayda alanlara sevimli qəhrəmanlarla selfi hədiyyə olunacaq.
Milli.Az
