Bakı. 26 avqust. REPORT.AZ/ Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ) Yol Patrul Xidməti (YPX) Alayının komandiri Rəşadət Babayev tərəfindən döyüldüyü iddia olunan sürücü və həyat yoldaşı Bakı Şəhər Baş Polis İdarəsində olublar.
BŞBPİ-dən "Report"a verilən məlumata görə, onlar bu gün sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlardan sarsıntı keçirdiklərini bildiriblər. Sürücü yazılanların əsassız olduğunu deyib: "Yazılanların heç biri doğru deyil. Həyat yoldaşım həmin küçədə bankda işləyir. Mən də onu işə aparmışdım. Maşını saxlayıb yoldaşımı düşürəndə yol polisi yaxınlaşıb sənəd istədi ki, burada maşın saxlamaq olmaz. Mən də dedim ki, bir dəqiqə dayandım, gedirəm. Orada heç bir dava olmayıb. Məni kimsə vurmayıb, ailəmi kimsə təhqir etməyib. Belə şeyləri kimlərsə qəsdən yayıb. Amma mənim bunlardan xəbərim olmayıb".
Sürücü izahatında heç kimdən şikayətçi olmadığını qeyd edib: "Məni vuran, söyən olmayıb".