Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının III ongünlüyü üçün növbəti monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.5, Ağstafaçayda 4.3, Ağstafaçay su anbarında isə 3.5 dəfə, Araz çayı üzrə Horadizdə 4, Birinci Şahsevəndə 3, Bəhramtəpədə isə 3.6 dəfə yol verilən qatılıq həddini keçib.
Mis birləşmələrinin Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüdü qeydə alınıb. Suyun oksigen rejiminin isə bütün məntəqələrdə 6.18-7.56 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi müəyyən edilib.