“Vətən atası” üçün son 3 gün: Saakaşvili iki stuldan hansında oturacaq?

“Vətən atası” üçün son 3 gün: Saakaşvili iki stuldan hansında oturacaq?
18:03 5 Oktyabr 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanda parlament seçkilərinə sayılı günlər qalıb. Seçkilər oktyabrın 8-də keçiriləcək.

Publika.az xəbər verir ki, “Obozrevatel” nəşrində Alina Kupsova seçkilərin nəticələrinin gürcülərlə yanaşı, ukraynalılar üçün də çox maraqlı olduğunu bildirib.

“Ona görə, Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvilinin gələcəyi seçkilərin nəticələrindən də asılıdır. O, Gürcüstana qayıdacaqmı və bu halda Ukraynada siyasi təsirini itirəcəkmi?” – o, yazıb.

Lider yoxdur

Seçkilərin aşkar favoriti yoxdur. Barışmaz rəqiblər Saakaşvilinin “Vahid Milli Hərəkat” Partiyası ilə iqtidardakı “Gürcü arzusu” arasında bərabərlik var. Çoxsaylı sorğuların bəzilərində “Vahid Milli Hərəkat”, digərlərində isə “Gürcü arzusu” önə çıxır.

Odessa qubernatoru üçün bu seçkilər Gürcüstanda siyasətə qayıtmaq şansıdır. O, hətta bu günlərdə bildirdi ki, seçkilərin nəticələrini qorumaq üçün tezliklə Gürcüstana baş çəkmək niyyətindədir. Saakaşvili bildirib ki, “Gürcü arzusu” koalisiyasının qeyri-formal lideri olan Bidzina İvanişvili onun ölkəyə qayıdışından qorxur.

Düzdür, keçmiş prezident dərhal vurğulayıb ki, Ukraynanı həmişəlik tərk etmək niyyətində deyil.

Lakin, bu bəyanata birmənalı baxmaq lazım deyil. Səsvermənin nəticələrini, xüsusən gələcək hökumətin formatını inamla qabaqcadan xəbər verməyi yalnız falçılar bacarar. Çox gözlənilməz vəziyyət yaranıb: açıq lider yoxdur. Yeri gəlmişkən, məhz buna görə Gürcüstanda ilk dəfə sosioloji tədqiqatlar keçirən ABŞ Milli Demokratik İnstitutu seçkilərin nəticələrini proqnozlaşdırmaqdan imtina edib.

Cinayət işləri maneə deyil

Əgər sosioloji sorğuların nəticələrinə baxsaq, seçkilərdə inamlı qələbə qazanmaq və parlamentdə əksəriyyəti formalaşdırmaq çətin olacaq. Deməli, Gürcüstanı da Ukraynada olduğu kimi koalisiyanın formalaşması üçün ticarət-danışıqlar dövrü gözləyir.

“İndi sosioloji sorğuların əksəriyyəti göstərir ki, “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” Partiyası praktik olaraq bərabər gedirlər. Amma bu 2 partiyanı gürcülərin 30-40 faizi dəstəkləyir. Qalan partiyalar kimi dəstəklədiyini hələ müəyyən etməyiblər. Beləliklə, birinci variant ondan ibarətdir ki, “Gürcü arzusu” öz mövqelərini möhkəmləndirə və əksəriyyəti formalaşdıra biləcək. İkinci variant odur ki, gürcü tarixində ilk dəfə koalisiya hökumət olacaq”, - “Obozrevatel” nəşrinə müsahibəsində Amerika siyasi texnoloqu Mitçell Linkoln bildirib.

Göründüyü kimi, Saakaşvilinin sonrakı hərəkətləri Vahid Milli Hərəkat” Partiyasının seçkilərdə qazanacağı səslərin faizindən asılı olacaq, yəni onun partiyası harada olacaq: müxalifətdə və ya koalisiyanın tərkibində. Unutmaq lazım deyil ki, Odessa qubernatoru vətənində bir sıra cinayətlərə görə axtarışa verilib. Daxili işlər naziri Georgi Mqebrişvili yaxın vaxtlarda bildirib ki, Saakaşvili sərhədi keçəndən dərhal sonra həbs ediləcək. Yəni, əgər “Vahid Milli Hərəkat” iqtidarda və ya hakim partiyalardan biri olmasa, Saakaşvilinin Gürcüstana qayıdışı onun həbsi ilə nəticələnə bilər.

“Saakaşvili əmindir ki, qələbə qazanacağı halda, Gürcüstana qayıdacaq. Düşünürəm ki, bu onun planlarında həmişə olub. Unutmayın ki, onun ətrafındakı hökumət tam sürgündədir. Və bu insanlar üçün ən yaxşı variant vətənə qayıdışdır. Biz əla başa düşürük ki, onun partiyası qalib gələrsə, ona qarşı bütün cinayət işləri bağlanacaq və Saakaşvilini “Vətənin atası” elan edəcəklər”, – “Pyotr Poroşenko Bloku”nun parlament fraksiyasının sədr müavini Aleksey Qonçarenko deyib.

Ukraynada təsir necə saxlanılacaq?

Hətta əgər Gürcüstanda hadisələr Saakaşvili üçün ən optimist ssenari üzrə inkişaf edərsə və o, Tiflisə qayıdarsa, ehtimal ki, Ukraynadakı təsirini baş prokurorun müavini Vitali Kasko və Odessa vilayətinin baş prokuroru David Sakvarelidze köməyi iləsaxlayacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR