Pik saatlarda avtobus dərdi çəkən sərnişinlər

Pik saatlarda avtobus dərdi çəkən sərnişinlər
21:12 12 Oktyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiyədək paytaxt üzrə sərnişin axınının sayı öyrənilməyib

Sərnişinlər müasir standartlara cavab verən "BakuBus" avtobuslarından razı olsalar da, pik saatlarında bu avtobusların aralarında intervallar artırılır, eyni zamanda avtobus qıtlığı müşahidə olunur. Bunun nəticəsində də sərnişinlər dayanacaqlarda xeyli müddət gözləmək məcburiyyətində qalırlar.

Sərnişin Qasım Həsənlinin sözlərinə görə, adi vaxtda hiss olunmasa da, pik saatlarında avtobusların qıtlığı yaşanır: "Avtobuslara çətinliklə minir və basabasda getməli oluruq. Hər gün gedib-gəldiyimiz üçün müşahidə etmişik ki, pik saatlarında "BakuBus" avtobusları arasında interval vaxtı artırılır. Halbuki, əksinə olmalıdır. Pik saatlarında daha çox avtobus xəttə buraxılmalı və interval vaxtları minimuma endirilməlidir. Təbii ki, avtobus şirkətlərinin sahibləri qazancı deyil, sərnişinləri düşünürsə".

Sərnişinlərin çoxu bu vəziyyətdən narazıdır. Digər sərnişin Təranə Səlimzadə isə deyir ki, avtobus şirkətləri bilə-bilə pik saatlarında avtobuslar arasında intervalları artırır: "Adi vaxtlarda tələsən az olur və dolu avtobusa minmir. Pik saatlarında, insanların işə, dərsə və evə tələsdiyi vaxtlarda avtobusların arasında interval vaxtlarını artırırlar. Bilirlər ki, camaat məcburiyyətdən onsuz da minəcək, qapıda da olsa, sallanaraq gedəcək. Elə xətlər var ki, yarım saat gözləməli oluruq. Təəssüf ki, son zamanlar "BakuBus" avtobuslarında da belə hallarla rastlaşırıq".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova "Ekspress"ə bildirib ki, ümumiyyətlə, müəyyən marşrut xətlərində avtobus sayıyla bağlı problemlər mövcuddur: "Məsələn, ətraf qəsəbələrdən gələn marşrut xətlərinin sayında problemlər müşahidə olunur. Amma bunun ən böyük səbəblərindən biri indiyədək Bakı şəhəri üzrə sərnişin axınının sayının öyrənilməməsidir. Bununla bağlı təhlil aparılmadığından, bu günə qədər əlimizdə əsaslı say, statistika yoxdur ki, biz, məsələn, deyək, ətraf qəsəbələrdən, Zığ-Hövsandan şəhər istiqamətində daxil olan avtobusların sayında sərnişin sayı ilə uyğunluq var",- deyən müsahibimiz bildirir ki, avtobusların sayı sərnişinlərin sayına uyğun deyil və tərs mütənasiblik təşkil edir.

Onun sözlərinə görə, marşrut xətlərində avtobus daşıyıcı şirkətlər xidmət göstərirlər. Avtobuslar dövlətə məxsus deyil, onlar şirkətin balansındadır: "O avtobusların da şirkət sahibi təbii ki, rentabelliyi əsas götürərək həmin sərnişin axınına mütənasib yox, məhz istədiyi sayda avtobus buraxır ki, həmin avtobuslar da rentabelliyi qoruyub saxlaya bilsinlər. O ki, qaldı "BakuBus" avtobuslarında pik saatlarında intervalın artmasına, bu, normaldır. Avtobuslar yerüstü ictimai nəqliyyat növüdür. Ona görə, yerin üstündə baş verən istənilən proseslər, istənilən hər bir hadisə yerüstü nəqliyyat növünün hərəkətinə maneə törədir. Yerüstü gedən qazıntı, yol təmir-bərpa işləri və yaxud pik saatlarında tıxaclar avtobusların rahat hərəkətinə mane olur və avtobus sürücüləri özlərindən asılı olmayan səbəblər üzündən yubanırlar. Hətta şəxsi minik avtomobilləri idarə edərkən də pik saatlarında hərəkət edəndə sözügedən problemlə qarşılaşırıq və gedəcəyimiz məkana adi vaxtda çatdığımızdan daha gec çatırıq. Bu, avtobusun problemi deyil".

Avtobuslar arasında interval müddətinin azaldılmasına gəlincə, N.Allahyarova deyib ki, ümumiyyətlə, şəhəriçi müntəzəm sərnişin daşıyan ictimai nəqliyyat növü üçün şəhər daxilində konkret limit qoyulmur: "Bununla bağlı hər hansı qayda mövcud deyil ki, limit, interval 3 və ya 8 dəqiqə olmalıdır. Amma biz adətən "BakuBus" avtobusları və digər marşrut xətlərində olan avtobuslar üçün intervalı 3-5 dəqiqə qoyuruq. Ancaq təbii ki, pik vaxtlarında, tıxac olanda, yolda qazıntı, yol təmir-bərpa işləri aparılanda və ya hər hansı problem olarsa, interval dəyişir".

Həmsöhbətimiz avtobusların sayının artırılması məsələsinə də toxunub. Bildirib ki, Bakı Nəqliyyat Agentliyi qış rejiminə keçidlə əlaqədar olaraq təxminən sərnişinlərin ən sıx olduğu və pik saatlarında çox acınacaqlı vəziyyətin müşahidə olunduğu yerlərdə avtobusların sayının artırılması ilə bağlı göstəriş verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/478621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR