20 yaşlı “Şərq” – REPORTAJ (FOTOLAR)

20 yaşlı “Şərq” – REPORTAJ (FOTOLAR)
18:33 27 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

1993-cü ildə Elçin Şıxlı, Tahir Aydınoğlu, Svetlana Şıxəliyeva, Akif Aşırlı da daxil olmaqla, Azərbaycanın bir neçə jurnalisti ilk dəfə olaraq ABŞ-a səfər edir. Jurnalistlər 1 ay ərzində ABŞ-ın 7 ştatında olaraq bu ölkənin aparıcı mətbu orqanlarının redaksiyalarına baş çəkir, xarici təcrübə ilə yerindəcə tanış olurlar. Elə həmin səfər nümayəndə heyətinin üzvlərindən olan Akif Aşırlının Azərbaycanda yeni, özünəməxsus üslubu və dəst-xətti olan qəzeti nəşr etmək ideyasının yaranmasına səbəb olur. O, qərara gəlir ki, Vətənə qayıtdıqdan sonra yeni üsluba, dəst-xəttə malik yeni qəzetin əsasını qoysun. 1996-cı ildə belə də olur. Akif Aşırlı kiçik, lakin peşəkar komandası ilə “Şərq” qəzetini təsis edərək yeni kollektivlə uzaq yola çıxır. Hazırda 20 illiyini qeyd edən “Şərq” Azərbaycanın müstəqil mətbuatının nüfuzlu simalarından biridir.

Publika.az olaraq “Şərq”çilərin redaksiyasına baş çəkərək kollektivlə söhbət etdik. Həmkarlarımızın xoş xatirələrini öz dillərindən eşidib arzu və istəkləri, gələcək planları ilə tanış olduq.

“Şərq” mətbuata 109 nəfər peşəkar jurnalist bəxş edib”

Söhbətə “Şərq” barədə maraqlı xatirələrlə başlayan baş redaktor Akif Aşırlı ilk öncə qəzetin adının yaranmasından bəhs etdi: “Doxsanıncı illərin əvvəllərində Qərbə heyranlıq vardı. Qərb mədəniyyəti, ədəbiyyatı çox gündəmdə idi. Qərara aldıq ki, qəzetin adını “Şərq” qoyaq. Çünki biz şərq ölkəsiyik. Şərq müdrikliyinin, fəlsəfəsinin, ədəbiyyatının bəşər tarixində çox böyük rolu var.

İlk öncə xeyli çətinliklə, maddi sıxıntılarla üzləşdik. Cəmi bircə stol-stulumuz vardı. Köhnə televizor atlığından stul kimi istifadə edirdik. Yazılarımızı bəzən koridorlarda yazırdıq. Oradan-buradan stol-stul tapıb gətirdik. Satış imkanlarımız artdıqca imkanlarımızı genişləndirdik. Kollektivimizin sıraları genişləndi. Qəzet 8 səhifəyə keçdi”.

Qəzet 2001-ci ildən gündəlik nəşrə başlayır: “Şərq”in fəaliyyətinin 3 ili senzura dövrünə təsadüf edir. Qəzetin səhifələrini aparırdıq, şəkilləri mənalandırırdılar ki, bununla nə demək istəyirsiniz? Şəkillərin izahını versək də, qəbul etmir, hansısa məna axtarırdılar.

Qəzet ilk öncə cəmi 4 səhifə ilə nəşr olunurdu. Əl yayımının yaxşı vaxtları idi. Buna görə əl yayımını özümüz təşkil etdik.

Çətinliklərə baxmayaraq, “Şərq” öz yolunu tutdu və bu gün də onu davam etdirir. Üstəlik, mətbu orqanımız Azərbaycan mediasına 109 peşəkar jurnalist bəxş edib. Onlar “Şərq”in şinelindən çıxıblar”.

Baş redaktor deyir ki, qəzetin uğurlarının bol olmasının əsas şərtlərindən biri kollektivdə yaradıcılıq atmosferinə sahiblənməsidir: “Xatırlayıram, planlaşma iclaslarımız qızğın müzakirələrlə gedirdi. Əməkdaşlarımız arasında sağlam rəqabət vardı. Kollektivimizin üzvləri arasında elələri var ki, “Şərq” yaranan gündən bizimlədir. Bütün bunlar onlara normal iş şəraitinin, yaradıcılıq mühitinin yaradılması ilə bağlıdır. Elə vaxt olub ki, “Şərq”in satış qabiliyyəti 99 faiz olub. Biz köşklərdən qəzetimizin cəmi 1 faiz “vozvrat”ını təhvil almışıq”.

İyirmi illik zəngin təcrübəsi olan qəzetin baş redaktoru deyir ki, mətbu orqanın uğurları bol olub: “Şərq” illərimizi aldı, gəncliyimiz qəzetin səhifələrinə köçdü. Amma qəzet bizə çox şey verdi. Bizi jurnalist kimi tanıtdırdı, cəmiyyətə özümüzü təqdim etdik.

Hesab edirəm, gələcəkdə Azərbaycan mətbuatının tarixi yazılanda onun səhifələrinə “Şərq” də düşəcək və onun xüsusi tədqiqatçıları olacaq. Müstəqilliyimizin 25 illik tarixi varsa, onun 20 ili “Şərq”in səhifələrindədir.

Qəzetin 20 illiyini noyabrın 1-də kollektivimizlə, habelə “Şərq”in keçmiş üzvləri ilə birlikdə qeyd edəcəyik. Çox istərdim “Şərq”in imkanları, nailiyyətləri daha da genişlənsin”.

Baş redaktorun 1-ci müavini Yusif Nəzərli “Şərq”in ilk sayından bu kollektivin üzvü olduğunu vurğulayaraq, onun təcrübəli jurnalist kimi peşəkarlaşmasında və mehriban həmkarlar qazanmasında qəzetin misilsiz xidmətləri olduğunu vurğuladı: “Qəzetin ilk nömrələrini nəşr etdirəndə onun satışı məsələsi ortaya çıxdı. Təsəvvür edin – baş redaktor və müavini qəzeti özləri köşklərə paylayırdılar. Akif müəllim (Aşırlı – A.T.) “İnşaatçılar” metrostansiyasının yaxınlığında, mən isə “Əhmədli” metrostansiyasının yaxınlığında kirayə qalırdıq. Qəzetin nüsxələrini yarıya bölürdük. Axşam “Şərq”in nüsxələrini “Elmlər akademiyası” stansiyasından “Əhmədli”yə qədər mən, “İnşaatçılar”a qədər isə Akif müəllim metrostansiyalardakı köşklərə paylaya-paylaya evə gedirdik.

Səhər işə gələndə mən o tərəfdən, Akif müəllim də bu tərəfdən satışdan qazandığımız pulları yığırdıq. Bir sözlə, çətinliklərimiz çox olub. Elə gün olub ki, yeməyə çörəyimiz olmayıb. Tədricən gəlirimiz artdı. Qəzet populyarlaşdıqdan sonra maddi vəziyyətimiz düzəldi. Komandamızın sıraları da genişləndi. İndi “Şərq” Azərbaycan mətbuatının öz sözünü demiş layiqli üzvlərindən, öncüllərindən biridir.

Arzu edirəm, uzunömürlü olsun, qəzetlə bağlı kitab nəşr edilsin, media holdinqə çevrilsin”.

Redaktor Anar Bayramoğlu qəzetin ad gününü noyabrın 1-də qeyd edəcəklərini bildirərək, kollektivimizin keçmiş və indiki üzvlərinin həmin gün toplanacağını dedi: “Artıq 13 ildir bu kollektivi üzvüyəm. Azsaylı jurnalistlərdənəm ki, qəzetçiliyə harada başlamışamsa, hələ də ordayam. “Şərq” jurnalist kimi formalaşmağımda, dünya görüşümün artmasında mühüm rol oynayıb. Bu qəzet mənim üçün jurnalistika məktəbidir. Arzu edirəm “Şərq”in uğurları daha da bol olsun, 100 illiyi qeyd edilsin”.

“Şərq”in siyasət yazarı Ayət Abdullayev isə bir çox uğurlarını bu qəzetlə əlaqələndirdi: “Artıq 5 ildir “Şərq” ailəsinin üzvüyəm. Jurnalistika, mənəvi, intellektual baxımından qəzet mənə çox şey verdi. Biz “Şərq”də yalnız informasiya, xəbər, siyasi yazı hazırlamır, eyni zamanda öyrənir, təcrübəmizi artırırıq. Mən bakalavr təhsilini universitetdə alsam da, tam ali təhsilimi “Şərq” qəzetində aldım. Qəzetçilik fəaliyyəti zamanı ziyalılarla, ictimai xadimlərlə ünsiyyətimiz, şəxsi dostluq münasibətlərimiz yaranır. Jurnalistika insanın həyatının bütün spektrlərinə nüfuz edir, təsir göstərir.

Mənimçün “Şərq” qocaman ağacdır. Bu qəzeti ölkə mətbuatına təcrübəli jurnalistlər bəxş edib. Arzu edirəm ki, bu ağacın kölgəsi biz gənclərin, jurnalistikamızın üzərindən əskik olmasın. Qəzet 20 yox, 200 illiyini qeyd etsin”.

Mədəniyyət müxbiri Tahirə Məmmədqızı “Şərq” ailəsinin üzvü olması ilə fəxr edir: “15 ildir “Şərq”də çalışıram. Bunu qürurla deyirəm. Çünki bir mətbu orqanında 15 fasiləsiz işləmək, davam gətirmək asan deyil. Qeyd edim ki, digər mətbu orqanlardan müxtəlif təkliflər olub. Amma sözün əsl mənasında “Şərq” mənə doğmadır. Bu kollektivdə çalışanlar, hətta redaksiyamızın qonaqları da bilirlər ki, kollektivin üzvləri bir-birinə nə qədər doğmadır. “Şərq” mənimçün ailə deməkdir. Bu məkana doğma ocağım kimi baxıram.

Azərbaycan mətbuatında 20 il duruş gətirmək o qədər də asan deyil. Bu mənada “Şərq” mediaya öz damğasını vuran mətbu orqanlardandır. Arzum odur ki, fəaliyyətimizi daha da genişləndirək, “Şərq” televiziyası təsis edilsin”.

2009-cu ildən “Şərq”də çalışan sosial yazar Şəymən Bayramovanın jurnalistikaya ilk yolu bu mətbu orqandan başlayıb: “Universitetə daxil olduqdan sonra “Şərq”də çalışmağa başladım. Cəmi 17 yaşım vardı, həm oxuyur, həm də qəzetdə işləyirdim. Kollektivin səmimiliyi və mehribanlığı məni bura bağladı.

Orta məktəbi bitirib “Şərq” məktəbinə daxil oldum. Arzum odur ki, qəzetimizin uğurları daha da bol olsun. Çünki qəzetin uğurları bizim uğurlarımızdır”.

10 ilə yaxındır “Şərq”dən ayrılmayan operator Nailə Cabbarova deyir ki, bu vaxta qədər bir neçə kollektvidə çalışsa da, onu məhz bu qəzetin kollektivi özünə bağlayıb: “Heç bir kollektiv mənə “Şərq” qədər doğma olmayıb. Səhər işə evimə gəldiyim kimi gəlirəm. Təbii, məsuliyyət öz yerində. Kollektivdəki doğmalıq insana stimul verir. Bəzən həftənin istirahət günlərini də birlikdə qeyd edirik. Kollektivin bu cür saf olmasında Akif Aşırlının zəhməti danılmazdır. Çox istərdim “Şərq” bundan da uzunömürlü olsun”.

İş yoldaşlarının yazılarındakı kiçik səhvlərini düzəldən korrektor İlahə İbrahimova deyir ki, 10 ildir çalışdığı “Şərq” ailəsinin doğma üzvünə çevrilib: “Bu kollektivdə qazancımın maddi tərəfi onun mənəvi tərəfindən qat-qat çoxdur. “Şərq”də özümə səmimi, etibarlı dostlar tapdım. Onlar mənə ailəm qədər yaxındır. Bizimçün “Şərq” təkcə bir qəzet deyil, mehriban ailədir. Nailiyyətlərimiz çoxdur və hamısı göz qabağındadır. Mənim uğurlarım gözəl insanlardır. Arzu edirəm hər zaman bir yerdə olaq və mehriban ünsiyyətimizi qoruyub saxlayaq”.

Qəzetin texniki işçisi Rüfət Dadaşov isə dizaynerliyi “Şərq”də öyrənib: “Artıq 9 ildir bu kollektvidə çalışıram. Dizaynerliyi burada öyrəndim. Bu mənada “Şərq” mənə çox doğma, əzizdir. Mən burda təkcə dizaynerlik yox, savad da qazanmışam. Kollektivimizi təbrik edirəm”.

Texniki işçisi İmamcan Əliyev 2012-ci ildən “Şərq” ailəsinin üzvü olduğunu deyərək “Şərq”ə qovuşmaqdan qürur duyduğunu vurğuladı: “Hərbi xidmətdən əvvəl də “Şərq”də çalışırdım. Əsgərliyimi başa vurduqdan sonra yenidən bu qəzetə qayıtdım. Çünki “Şərq” əvvəllər çalışdığım kollektivlərin ən doğmasıdır. Arzu edirəm ki, 20 illiyimizin üstünə daha 20 il gəlsin və qəzetimizin 40 yaşını qeyd edək. Uğurlarımız bundan da çox olsun”.

Baş redaktorun köməkçisi, reklam şöbəsinin rəhbəri Rasim Kazımov isə uzunömürlü “Şərq” ailəsinin daimi üzvü olmasında Akif Aşırlının xüsusi rol oynadığını qeyd etdi: “19 ildir “Şərq” ailəsinin üzvüyəm. Kollektivdə bu qədər uzun müddətli işləmək həm onun üzvlərindən, həm də iş rejimindən, şəraitdən razı qalmaq deməkdir. Müstəqil həyata atılanda hər şeyi – mədəniyyəti, insanpərvərliyi, səmimiyyəti “Şərq”də görüb öyrəndik. Arzu edirəm ki, elə bu kollektivlə qəzetin 100 illik yubileyini qeyd edək. Kollektivimizin sıraları genişlənsin”.

Publika.az olaraq Akif Aşırlı və bütün “Şərq”çiləri təbrik edir, həmkarlarımıza yeni yaradıcılıq uğurları arzulayırıq.

Anar Tağıyev













Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR