"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qisimində M.Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov ifadə verib.
O, İlhamə Quliyeva və onun oğlunun evlərinə basqın etdiyini deyib: "Onlar Mehribanın evdən şuba oğurladıqlarını dedilər. Daha sonra İlhamə xanım mənə zəng edib hədələyirdi. Gecə Mehriban evə gələndə halı pis idi".
Məhkəmənin növbəti iclası noyabrın 16-na təyin edilib.
Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.