Əfqanıstan ABŞ üçün yeni Vyetnama çevrilir?

Əfqanıstan ABŞ üçün yeni Vyetnama çevrilir?
20:12 5 Noyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

15 il bundan əvvəl, ABŞ öz tarixinin ən qanlı və uzun sürən müharibələrindən birinə başladı. 2001-ci ilin sentyabr ayının 11-də Nyu-Yorkdakı məşhur əkiz qüləllərin partladılmasının günahını Talibanın üzərinə atan ABŞ bundan 26 gün sonra oktyabrın 7-də Əfqanıstanda hərbi hava əməliyyatlarına başladı. O vaxt ABŞ və onunla birlikdə Əfqanıstana qarşı hərbi əməliyyatlarda iştirak edən İngiltərə qısa müddətdə Əfqanıstanı diz çökdürəcəklərinə əmin idilər. İlkin mərhələdə ABŞ Əfqanıstanda Talibanın nəzarəti altında olan əraziləri demək olar tamamilə işğal etdi. Talibançıların böyük hissəsi döyüşlərdə məhv edildi, bir qismi əsir alındı, digər qismi isə qonşu Pakistana qaçmağa məcbur oldu. O vaxt belə hesab edilirdi ki, artıq Taliban bir daha özünə gəlməyəcək. Lakin hadisələrin gedişi göstərdi ki, ABŞ-ın Taliban üzərində qələbəsi müvəqqəti xarakter daşıyır və Əfqanıstanı işğal etməklə adı çəkilən ölkə özünü Vyetnam müharibəsindən daha dəhşətli olan və xilas olunması heç də asan olmayacaq bir bataqlığa salıb. Hər halda sonrakı illərdə Talibanın tədricən özünə gələrək Amerikaya ikinci Vyetnamı yaşatmağa başlaması da bir daha bunu təsdiq etməyə başladı. 2013-cü ildən başlayaraq isə Talibanın faktiki olaraq yenidən əvvəlki gücünü müəyyən qədər bərpa etdiyi aydın şəkildə hiss edilirdi. Bununla belə həmin dövrdə ABŞ Əfqanıstandakı oyuncaq rejiminin Talibanla uğurla mübarizə aparcağını qət edərək öz qüvvələrinin bir hissəsini Əfqanıstandan çıxardı. Lakin Taliban uğurlu hücum əməliyyatlarını davam etdirərək ABŞ və onun bölgədəki müttəfiqləri rolunda çıxış edən beynəlxalq sülhməramlı güclərə yeni zərbələr vurmaqda davam edirdi. Son bir neçə ayda Talibanın ölkənin şimalında və cənubunda bir çox yaşayış məskənlərini azad etməsi isə ABŞ və onun müttəfiqlərini narahat etməkdədir. Bir vaxtlar SSRİ-nin Əfqanıstanı işğalını rusların tələyə və bataqlığa salınması kimi dəyərləndirən, o dövrdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələlələri üzrə müşaviri məşhur politoloq və siyasətçi Zbiqnev Bjezinski: "SSRİ Əfqanıstana hücum etməklə özünü bataqlığa saldı. Əfqanıstan istənilən işğalçı güclər üçün bir cəhənnəmdir və oradan qurtarmaq mümkün deyil. Əfqanıstan bataqlığı SSRİ-ni məhv edəcək ",-demişdi.

Bjezinskinin uzaqgörənliklə dedikləri düz çıxdı və SSRİ Əfqanıstanı biabırçı şəkildə tərk etməyə məcbur oldu. Amma o vaxt Bjezinskinin ağlına da belə gəlməzdi ki, bir vaxtlar onun ölkəsi olan ABŞ-da özünü Əfqanıstan bataqlığına salaraq SSRİ ilə müqayisədə ondan necə çıxacağını heç cür müəyyən edə bilməyəcək. Hər halda əgər SSRİ Əfqanıstanı 9 illik işğaldan sonra böyük itkilər hesabına da olsa tərk edə bilmişdisə, ABŞ və onun müttəfiqləri 15 ildir ki, adı çəkilən ölkədə düşdükləri vəziyyətdən çıxış yolu tapa bilmirlər. 15 illik işğal dövrü göstərdi ki, ABŞ Əfqanıstanda Talibanı məğlub edə bilməyib və bu müharibənin sonu görünmür.

700 milyard dollar havaya sovrulub

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, 15 il ərzində ABŞ Əfqanıstandakı hərbi əməliyyatlara 700 milyard dollardan artıq xərcləyib. Bundan əlavə daha 120 milyard dollar Əfqanıstanda həyata keçirilən humanitar tədbirlərə sərf edilib. Amma müharibəyə çəkilən hərbi xərclər əsgər tələfatlarının qarşısını ala bilmir. Belə ki, Talibana qarşı həyata keçirilən hərbi əməliyyatlarda 2500 nəfərə yaxın ABŞ hərbçisi həlak olub, 15 min nəfərə yaxın əsgər və zabit isə yaralanıb. Hərbi əməliyyatların davam etməsi və Talibana qarşı keçirilən döyüşlərdə itkilərin artması isə davam etməkdədir. Hərbi ekspertlərin əksəriyyəti belə hesab edir ki, ABŞ bütün cəhdlərinə baxmayaraq bu müharibədən qalib kimi ayrıla bilməyəcək.

Buna paralel olaraq hərbi xərclərin artmaqda davam etməsi ABŞ iqtisadiyyatına çətin anlar yaşatmaqdadır. Bununla əlaqədar xatırladaq ki, ABŞ-ın dövlət borcu 18 trilyon dollara çatıb ki, bu da olduqca böyük rəqəmdir. Əfqanıstan müharibəsinin davam etməsi isə hər il ABŞ-a milyardlarla dollara başa gəlməkdədir. Ümumiyyətlə isə Əfqanıstanın işğal edilməsindən sonra ABŞ hər il adı çəkilən ölkədəki hərbi əməliyyatlara təxminən 40-45 milyard dollar xərcləyib.

ABŞ-ın supergüc imici şübhə altına düşüb

2014-cü ildə ABŞ və onun müttəfiqlərinin öz hərbi qüvvələrinin müəyyən hissəsini Əfqanıstandan çıxarmasından sonra bölgədə döyüşlər daha da şiddətlənib. Məsələn, 2014-cü ildə ABŞ və müttəfiqləri, həmçinin Əfqanıstandakı oyuncaq rejimi 4380 nəfər itki verib. Talibanın isə itkisi həmin dövrdə 5400 nəfər olub. 2015-ci ildə Əfqanıstanda ABŞ və müttəfiqləri 7 min nəfər, Taliban isə12 min nəfər itirib. 2016-cı ilin birinci yarısında isə ABŞ və mütttəfiqləri Əfqanıstanda 1796, Taliban isə 7 min nəfər itirib. Əlbəttə bu rəqəmlər ABŞ tərəfinin hazırladığı hesabatdan götürülüb. Təbii ki, istənilən halda ABŞ Əfqanıstanda verdiyi itkiləri azaltmağa, qarşı tərəfin isə itkilərini daha çox göstərməkdə maraqlı olub. Aydın məsələdir ki, rəsmi rəqəmlərdə göstərildiyi ilə müqayisədə ABŞ-ın və onun müttəfiqlərinin Əfqanıstandakı itkiləri daha çoxdur. Yeri gəlmişkən onu da deyək ki, Əfqanıstanın oyuncaq rejimi də Talibana qarşı mübarizədə daha çox itkilər verməkdədir. Əgər əvvəllər hər il döyüş meydanlarında təxminən 2-3 min oyuncaq rejimin əsgəri həlak olurdusa, son illərdə həlak olanların sayı kəskin şəkildə artıb. Təkcə 2014-2016-cı illərdə Əfqanıstanın oyuncaq rejimi döyüşlərdə 12-14 min min nəfər itirib.

Taliban ölkə ərazisinin 30-32 faizinə nəzarət edir

ABŞ və onun müttəfiqləri hər il döyüş meydanlarında minlərlə canlı qüvvə itki verən Talibanı məğlub edə bilmirlər. Əksinə Taliban hər il yeni əraziləri azad etməkdə davam edir. Son məlumatlara görə, Taliban hazırda ölkədəki 15 vilayəti öz nəzarəti altında saxlayır. Bunu ötən ay Əfqanıstandakı Amerika hərbi qüvvələri komandanlığının etirafı da sübut etməkdədir. Belə ki, Amerika hərbi komandanlığı oyuncaq rejim tərəfindən ölkənin ümumi ərazisinin 68-70 faizinə nəzarət edildiyini bildirib. Bu isə o deməkdir ki, ölkənin faktiki olaraq 30-32 faizi Talibanın nəzarəti altındadır. Taliban isə hər il yeni əraziləri azad etməkdədir. Məsələn, 2016-cı ilin ilk yarısında Taliban gücləri 8 rayon mərkəzini ələ keçirib, 5 əyalətdə intensiv olaraq hücum əməliyyatlarını davam etdiriblər. Xatırladaq ki, Taliban gücləri 2015-ci ildə 23 rayon mərkəzini işğalçı güclərdən azad ediblər. 2016-cı ilin sentybar ayında isə Taliban Kunduz şəhərini ələ keçirib. Düzdür, qızğın döyüşlərdən sonra şəhər onlardan geri alınıb. Lakin Talibanın digər şəhərlərə hücumları bundan sonra daha da intensivləşib.

Bütün bunlar isə ABŞ və onun müttəfiqləri üçün əlavə baş ağrısına çevrilməkdədir. İstər yerli, istərsə də xarici müşahidəçilər belə hesab edirlər ki, əgər ABŞ və müttəfiqləri hərbi güclərini bölgədən çıxarsalar, onda oyuncaq rejimu devirmək üçün Talibana bir neçə gün bəs edəcək. Belə bir təhlükəli vəziyyət isə ABŞ-ın bölgədən getməsi yolunda ciddi əngələ çevrilib.

Talibanı niyə məhv etmək mümkün olmur?

Böyük itkilər verməsinə baxmayaraq Talibanın ildən-ilə güclənməsi və daha çox əraziləri işğaldan azad etməsi təbii ki, bir çox suallar ortaya çıxarıb: ABŞ və müttəfiqləri niyə Talibanı məğlub edə bilmədilər? Əslində bu suala birmənalı cavab vermək çətindir. Ancaq Talibanın məğlub olmamasının əsas səbəblərindən biri Əfqanıstan xalqının ölkədəki işğalçı gücləri sevməməsi və onların azadlıqsevər olmasındadır. Tarixboyu Əfqanıstanı işğal edən hər hansı bir dövlət orada uzun müddət möhkəmlənə bilməyib. Bu müstəvidə də Taliban müxtəlif yollarla xalqdan dəstək alır. Əgər bu dəstək olmasaydı Taliban çoxdan məğlub olardı. Talibanın ildən-ilə güclənməsinin digər səbəbi isə onların Səudiyyə Ərəbəistanı, İran, Çin, Rusiya və digər ölkələrdən yardım almasıdır. Xüsusi ilə Çin, Rusiya və İran ABŞ-ın Əfqanıstanda məğlub olması üçün müxtəlif yollarla Talibana yardım edirlər. Talibandakı bəzi tanınmış hərbi səhra komandirləri Rusiya, İran və Çinin təsir altındadırlar və onlardan yüksək səviyyədə dəstək alırlar. Eyni zamanda Əfqanıstandakı münaqişədən daha çox əziyyət çəkən Pakistan da problemn tezliklə həllini arzulayır. Qeyd edək ki, Əfqanıstanda işğalçı güclərin olması özü də istəmədən Pakistanın mənasız avanturaya cəlb olunmasına və on minlərlə itkilər verməsinə gətirib çıxarıb. Əfqanıstan münaqişəsindən istifadə edən ABŞ şantaj yolu ilə bu ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə davam edir. ABŞ hərbi təyyarələri Pakistandakı hərbi hava limanlarından havaya qalxaraq adı çəkilən ölkədən icazə almadan Talibana zərbələr endirirlər. Hətta ABŞ hərbi hava qüvvələri Taliban təhlükəsi adı altında Pakistanın dinc yaşayış məntəqələrini bombalamaqdan belə çəkinmirlər.

Necə deyərlər, Əfqanıstan probleminin həll edilməməsi Pakistanın mövcud dövlət kimi müstəqilliiyni şübhə altında qoyub. Belə bir vəziyyətdə Pakistanın da Talibana hansısa yollarla yardımlar etməsi ehtimal edilir. Bütün bunlar isə ABŞ və müttəfiqlərini Taliban qarşısında aciz duruma salıb.

ABŞ məğlubiyyətini etiraf edə bilmir

Özünü Əfqanıstan bataqlığına salan ABŞ üçün regionu tərk etmək supergüc imicinə vurulan böyük zərbə olacaq. Çünki bu açıq şəkildə ABŞ və onun müttəfiqlərinin Əfqanıstanda məğlubiyyəti demək kimi dəyərləndiriləcək. Əfqanıstandan biabırçı şəkildə çıxmaq həm də NATO və bölgədəki beynəlxalq sülhməramlı güclərin imicinə vurulacaq zərbə anlamına gələcək. Belə bir vəziyyətdə ABŞ və onun müttəfiqləri Əfqanıstan məsələsində nə edəcəklərini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Şübhəsiz ki, ABŞ-da Əfqanıstana müdaxilənin səhv olduğunu yaxşı anlayırlar və Obama rejimi oradan hərbi qüvvələrinin bir hissəsini çıxarmaqla adı çəkilən bölgədən getmək istədiyini nümayiş etdirdi. Ancaq ABŞ yuxarıda adı çəkilən səbəblərdən öz hərbi qüvvələrini oradan tam şəkildə çıxarmağa cəsarət edə bilmir. Yeri gəlmişkən onu da deyək ki, Əfqanıstana müdaxilənin ABŞ-ın əsası olmayan avanturası hesab edən 10-a yaxın ölkə oradakı hərbi qüvvələrini çıxarıb. Bu müstəvidə də Əfqanıstana müdaxilə ABŞ üçün ikinci Vyetnama çevrilib və bu bataqlıqdan çıxmaq Vaşinqton və onun müttəfiqləri üçün heç də asan olmayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/486326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR