"Dağ adam", nakam sevgilər, Salyan xanının qaçırılmış qızı - "Razin mağarası" - FOTO

"Dağ adam", nakam sevgilər, Salyan xanının qaçırılmış qızı - "Razin mağarası" - FOTO
19:12 8 Noyabr 2016
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Bakıxanov qəsəbəsində uzaqdan qayanın başında gördüyüm elan diqqətimi cəlb elədi. Elə o marağa görə düz dağın başına dırmandım. Dağ deyəndə, Səməd Vurğunun vəsf edib buludlara qaldırdığı Göyəzən bunun yanında əməlli-başlı dağdır. Amma olsun, əslində, beton divarlar arasında yaşayan nəsil üçün "Razin dağı" elə dağdır ki var. Qısası, aşağıdan diqqətimi cəlb eləyən isə kamera elanı idi. Kamera quraşdırılmasını təklif edən şirkətin adı və telefon nömrəsi yazılmışdı. Şirkətin bu dağın başında quraşdırdığı elandan nə qədər müştəri yığdığını bilmirəm. Ancaq onu bilirəm ki, dağın gənc müştəriləri çoxdur. Gündüz əl-ələ tutub gələn sevgililər, axşam isə sərxoşlar və evsizlər...

Məşhur "Razin mağarası" haqqında, yəqin ki, çox adam eşidib. Deyilənə görə, bir vaxtlar qəhrəman saydığımız, sonradan isə quldur olduğu məlum olmuş Stepan Razin 1667-ci ildə Xəzər sahilinə hücumu zamanı məhz bu mağarada yaşayıb.

Milli.Az virtualaz-a istinadən bildirir ki, Sovet dövrünə qədər uzun illər ictimaiyyət üçün açıq olan bu mağaranın içərisindən keçən gizli yol təxminən 20 il öncə bağlanıb. Səbəb isə mağarada azan bir nəfərin oradan meyitinin tapılmasıdır. Hər halda, belə bir fikir söyləyirlər, nə qədər əsaslı olduğunu isə bilən yoxdur.

Mağaranın ətrafında dolaşdıqda qarşımıza məşhur "Dağ adam" çıxdı. Onu bu həndəvərdə yaxşı tanıyırlar. 65 yaşlı Ramiz Cəfərovun, demək olar ki, saçı bu dağı dolaşmaqla ağarıb. Deyir əvvəllər hər il mayın 1-də "Razin dağı"nın ətəyində insan əlindən tərpənmək olmurdu. Ətraf isə bağlar olduğundan, xüsusən yaz və yay aylarında hərə əlinə bir vedrə alıb meyvə yığardı. İndi isə həmin bağlardan əsər-əlamət qalmayıb, ağaclar qırılıb, dağın ətrafındakı torpaqlar satılıb. İndi həmin o möhtəşəm dağdan yerdə qalan bu mağaradır ki, onun da gizli yolu bağlandığından olan-qalan elə bu görünən hissəsidir. Hətta mağaranın girişinə qədər evlər tikilib.

"Mağaranın içərisindəki yol 20 il olar ki, bağlanıb. XVII əsrdə quldur Stepan Razin burada yaşayıb, çapıb-taladığı var-dövləti bura gətirib. O vaxt elə mağaranın içərisindən keçən gizli yol ona Bakıdan qaçmağa kömək edib. Belə deyirlər ki, yeraltı yol Xəzər dənizinin sahilinə qədər gedib çıxır", - deyə həmsöhbətimiz bildirir.

"Dağ adam" hesab edir ki, hər nə də olsa, mağara Bakının tarixini əks etdirən abidədir və belə bir abidəni söküb-dağıtmaq düzgün deyil:

"Dağın üstündə evlər tikilib. Əslində, burada ev tikmək çox təhlükəlidir. Ondan başqa, bu tarixi abidədir, onu söküb-dağıtmaq düzgün deyil. Mən bu dağın keçmişini çox yaxşı xatırlayıram. İndi insanların yad münasibəti mənə bir az ağır gəlir. Hər gün burada oluram, yaxşı günüm də, pis günüm də bura ilə bağlıdır. Bir az dərdli adamam, gəlirəm əsəblərim sakitləşir".

Ramiz Cəfərov deyir ki, onun burada oturması yaxınlıqda ev tikmiş şəxslərin xoşuna gəlmir. Buna görə dəfələrlə qovulub, hətta əlbəyaxa olduğuna görə polis bölməsinə də aparılıb. Amma dağın verdiyi enerji onu hər gün gəlməyə ruhlandırır.

"Yuxarılarda milyonçuların evləri var. Burada torpağın bir sotu 50 min manatadır. Gəlib oturanda narazılıq edirlər ki, niyə gəlib oturursan? Hətta mənimlə əlbəyaxa da olublar. Əslində, ev tikməyə o qədər yer var ki, niyə bu dağın üstünü satırlar? Hərdən alpinistlər burada məşq də edirlər, insanlar dincəlməyə gəlir. Bu dağ satıla bilməz, bura hamınındır", - dedi "Dağ adam".

Bizə mağara ilə bağlı çoxlu xatirələri olduğunu deyən bələdçimiz bildirdi ki, onların əksəriyyəti sevgililərlə bağlıdır. Burada əhdi-peyman edib adını daşlara əbədiləşdirənlərlə yanaşı, hava qaralan vaxtlarda əlində içki şüşəsi veyil-veyil gəzənlər də çox olur.

Mağaraya girmək həvəsi nə qədər çox olsa da, natəmizlik və pis qoxunu üstələyə bilmədi. Görünür, mağaranın gecə sakinləri daha çox idi. Çünki içəri səyahətə gələnlərin deyil, ayaqyolu kimi müraciət edənlərin çox olduğunu göstərirdi.

Mağaranın içərisinə girə bilməsək də, dağın üstünə çıxdıq. Buradan Bakıxanov qəsəbəsi ovcunun içindəymiş kimi görünür. Sadəcə, belə bir yerin bu qədər natəmiz saxlanması və quldurla bağlı olsa belə, tariximizin bir hissəsinin dağılıb getməsi üzücü idi. Hazırda içəridəki gizli yol bağlandığından mağaranın cəmi iki girişinin eni 5 metr, hündürlüyü 13,6 metr olan iki otağı qalıb.

Tarixi məlumatlara görə, bura gələn kazak quldur Stepan Razin taladığı sərvət və əsirlərlə birlikdə həm də Salyan xanının qızını əsir götürüb. Bir müddət onunla birlikdə yaşayıb. Rəvayət olunur ki, sonra onu su tanrısı İvan Qorınoviçə qurban vermək üçün Xəzərə atıb.

Digər bir mənbə isə onun taladığı var-dövləti məhz bu dağda basdırdığını bildirir. Amma hələ bu mağara ilə bağlı tarixçilər tərəfindən heç bir araşdırma aparılmayıb.

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/487554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR