"Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik"

"Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik"
11:37 9 Noyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

"Biz Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik. Belfastdan qayıdanda aktivimizdə azından 8 xalın olmasını istəyirik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov deyib.

"Qarabağ"ın şərəfini qoruyan müdafiəçi noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belfastda baş tutacaq Şimali İrlandiya ilə görüş barədə fikirlərini açıqlayıb. O, komandamızın səfərdən xalla dönəcəyinə inanır: "Rəqib çox güclüdür. Həm də doğma meydanda oynaması bizə əlavə çətinlik yaradacaq. Bundan başqa, irlandlar fiziki cəhətdən güclü və hündürboydurlar. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Oyunun taleyini standart vəziyyətlər həll edə bilər. Buna görə müdafiədə çox diqqətli olmalıyıq".

Bir müddət əvvəl zədələnən və "Qarabağ"ın Avropa Liqasında PAOK-la son oyununda meydanda olan Bədavi artıq tam sağalıb. Amma digər müdafiəçimiz Rəşad Sadıqovun Bakıdakı son məşqdə zədələnməsi yerinə düşməyib. Rəşadın oynamayacağı təqdirdə müdafiənin mərkəzində kimlər yer ala bilər? Bədavi Hüseynovla söhbətdə o, Robert Prosineçkinin müdafiənin mərkəzində hansı futbolçulara şans verəcəyini bilmədiyini söylədi: "Mən zədəli olanda həmin mövqedə Rəşad Sadıqovla Maksim Medvedev oynamışdı. Düzü, Maksimin Çexiya ilə oyundakı çıxışı məni yaxşı mənada heyrətləndirmişdi. İndiyə kimi, demək olar ki, həmin mövqedə oynamamışdı. Amma bunu hiss etdirmədi. Maksim təcrübəli futbolçudur və təcrübəsinin köməyi ilə müdafiənin istənilən yerində oynaya bilər. Əgər baş məşqçimiz bu dəfə də Maksimə müdafiənin mərkəzində yer versə, heç kim təəccüblənməsin. Bu, əla seçim olardı".

Sonda Hüseynov "Qarabağ"ın futbolçularının hazırda yaxşı formada olduqlarını bildirməklə yanaşı, PAOK üzərində qazanılan qələbələrin futbolçularda yüksək əhval-ruhiyyə yaratdığını və bunun yığmanın oyununa yaxşı mənada təsir edəcəyini söyləyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487749.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR