Aslan Aslanov: Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu

Aslan Aslanov: Bakı Konqresi maraqlı media layihələri və təkliflərlə səciyyəvi oldu
22:13 17 Noyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

Azərtac dünyanın nüfuzlu xəbər agentlikləri ilə səmərəli əlaqələr qurub. Biz həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik.

Bu barədə jurnalistlərə müsahibəsində məlumat verən Azərtac-ın baş direktoru Aslan Aslanov bildirib ki, Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində bir neçə ölkə, o cümlədən Avropada böyük nüfuza malik olan İspaniyanın EFE agentliyi ilə yeni əməkdaşlıq müqavilələri imzalanıb.

Agentliyin baş direktoru jurnalistləri beynəlxalq regional media qurumlarının yaranma tarixçəsi ilə bağlı məlumatlandırıb. Qeyd edib ki, ilk olaraq 1956-cı ildə Avropa Xəbər Agentlikləri Alyansı - EANA təsis edilib. Bundan beş il sonra UNESCO-nun təşəbbüsü ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), 1964-cü ildə isə Ərəb Xəbər Agentlikləri Federasiyası (FANA) yaradılıb. Nəhayət, 2004-cü ildə Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə Moskvada Dünya Xəbər Agentliklərinin ilk Konqresi keçirilib. Bununla da dünyanın bütün informasiya agentliklərini və regional media təşkilatlarını öz ətrafında birləşdirən qurum fəaliyyətə başlayıb.

Dünya Xəbər Agentlikləri Konqresinin strukturu barədə danışan baş direktor məlumat verib ki, üç il əvvəl, 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə AZƏRTAC növbəti tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürüb və Şura üzvlərinin əksəriyyətinin dəstəyini qazanaraq bu hüquqa yiyələnib.

“Dünən biz burada dünya mediasını düşündürən ciddi problemləri üç sessiyada müzakirə etdik və bu gün də müzakirələr davam edir. Eyni zamanda, konqresdə dünya mediasında yeri və nüfuzu olan peşəkarlar öz layihələrini təqdim edir, yeni təkliflər irəli sürürlər. V Konqresi bu baxımdan da səciyyəvi hesab etmək olar. Məsələn, Yaponiyanın xəbər agentliyi öz yeni layihəsi, “Reuters” yeni təklifləri ilə çıxış edib. Bunlar iştirakçılar üçün olduqca əhəmiyyətli və maraq kəsb edən çıxışlar oldu”, - deyə A.Aslanov vurğulayıb.

Baş direktor bildirib ki, müasir dünya mediası 20-30 il əvvəlki ənənəvi jurnalistikadan tamamilə fərqlənir. Reallıq odur ki, hazırda internet mediası, sosial şəbəkə dünya informasiya məkanında aparıcı mövqelərə çıxır, bütün istiqamətləri əlində cəmləşdirməyə can atır. Uzunmüddətli keçmişinə və ənənələrinə güvənən ənənəvi jurnalistika isə bəzən yeni dövrün reallığı ilə hesablaşmaq istəmir. Bu mübarizədə üstünlüyü qabaqcıl texnologiyalara, yeniliklərə hazır olan və bundan istifadə edən tərəf qazanacaq.

OANA barədə də məlumat verən agentliyin baş direktoru bildirib ki, bu təşkilat 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə yaradılan ən böyük regional media qurumudur. Təşkilata 35 ölkədən 44 informasiya agentliyi daxildir. Qurumun üzvü olan agentliklər dünyada bütün informasiya axınının üçdə iki hissəsini təmin edir. OANA-nın öz saytı var və onu idarə etmək AZƏRTAC-ın səlahiyyətinə keçir. Həmin sayta hər bir agentlik gün ərzində 10-15 xəbər yerləşdirə bilər və bu xəbərlər geniş auditoriyada yayılmaq imkanına malikdir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/176350.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR