Zərdab rayonu, Şahhüseynli kənd orta məktəbinin direktor əvəzi Ceyhun Tofiqli kənd camaatı içərisinə çıxa bilmir.
Bu haqda modern.az-a adının çəkilməsini istəməyən Şahhüseynli
kəndinin rəsmisi deyib.
O bildirib ki, işdən çıxarılan C.Tofiqli hazırda vaxtını əsasən
evində keçirir:
"Hadisələrdən sonra qaynatası onlara gəldi. Qaynata Ceyhun
saxlanıldığı müddətdə qızı və nəvələrilə birlikdə qaldı. Amma o
buraxıldıqdan sonra qızı və nəvələrini götürərək özünün
Cəlilabaddakı evinə getdi".
O, C.Tofiqlinin ata-anasının olmadığını deyib:
"Onun dayısı Tofiq Şirəliyev xalası qızı ilə evlənib. Onların
övladı olmadığından Ceyhunu övladlığa götürüblər. Dayısı onu
evləndirib, ailə sahibi edib, toyundan sonra ev verib. Amma o,
bütün bunların qarşılığında naxələflik etdi. Həm özü biabır oldu,
həm də ailəsi dağıldı".
Kənd rəsmisi eyni zamanda qeyd edib ki, C.Tofiqli saxlanıldığı
müddətdə bir çox şəxsi əşyaları, o cümlədən mobil telefonu istintaq
materialı kimi əlindən alınıb.
Məsələ ilə bağlı Zərdab Rayon Prokurorluğundan Modern.az-a verilən
növbəti açıqlamada isə istintaq işinin davam etdiyi bildirilib:
"O sərbəst buraxılsa da, nəzarətdədir. Mütəmadi olaraq çağırılır və
ifadəsi alınır. Hazırda işlə bağlı araşdırmalar davam edir".
Zərdabın Şahhüseynli kəndində şagirdinə qarşı seksual hərəkətlər
etməkdə təqsirləndirilən məktəb direktoru Ceyhun Tofiqlinin
vəzifəsinə noyabrın 16-da xitam verilib.
C.Tofiqli daha əvvəl 2 dəfə ailə qurub və boşanıb.