"Danışılmış oyunların qarşısını almalıyıq" - Rəşad Abdullayev

"Danışılmış oyunların qarşısını almalıyıq" -   Rəşad Abdullayev
14:27 25 Noyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

“Səbail” Futbol Klubunun Müşahidə Şurasının sədri Rəşad Abdullayevin Futbolxeber.az saytına müsahibəsi



- I divizionun 13-cü turunda komandanız “Bakılı” üzərində 11:3 hesabı ilə qələbə qazandı. Yəqin ki, hesab arasındakı fərqin belə böyük olacağını gözləmirdiz.


- Həqiqətən də belə hesab gözləmirdim. Komandamız oyunu çox yaxşı keçirdi. “Səbail” hər matçda meydana 3 xal üçün çıxır. Bu görüş də istisna deyildi. Uşaqlar meydanda əllərindən gələni etdilər. 90 dəqiqə dayanmadan mübarizə apardılar. Yekunda da böyükhesablı qələbə qazandıq.


- 13 oyundan 3-nü stadiondan canlı izləmisiz və hamısında “Səbail” böyükhesablı qələbə qazanıb. Belə çıxır ki, sizin gəlişiniz komandaya əlavə güc verir. Bəlkə qələbə naminə hər oyunda stadiona olasız?


- Çalışıram ki, komandanın oyunlarını mümkün qədər çox izləyim. Futbolçulara dəstək olmaq üçün əlimizdən gələni edirik. İstəyirik ki, özlərini heç vaxt yalnız, dəstəksiz hiss etməsinlər.


- Gənc olsanız da, artıq klub rəhbərisiniz. Azarkeşlərin “Ən böyük başqan, bizim başqan” şüarını eşidəndə hansı hisslər keçirirsiz?


- Maraqlı hisslərdir. Azareşlər də sağ olsunlar ki, komandanı yalnız buraxmırlar, futbolçulara sona qədər dəstək verirlər.


- İlk dövrədən sonra komandanız dördüncü pillədə qərarlaşıb. Geridə qalan müddətdə “Səbail”in çıxışını necə dəyərləndirərdiz?


- Birinci dövrəni dördüncü yerdə tamamladıq. Bu, pis nəticə deyil. Düzdür, bundan da yaxşı nəticə qazana bilərdik. Çünki çempionatın gedişində ikinci pilləyə də yüksəlmişdik. Lakin sonradan 1-2 uğursuz oyun keçirdik. Nəticədə dövrəni dördüncü pillədə tamamladıq. Bu, hər şeyin sonu demək deyil. Qarşıda hələ 13 tur var.


- Yəqin ki, qarşıya qoyulan məqsəd dəyişilməz qalır...


- Təbii ki. Məqsədimiz ikinci dövrədə zirvəni ələ keçirib, Premyer Liqaya yüksəlməkdir. Növbəti mövsümdə Premyer Liqada oynamağı hədəfləyirik. İnanıram ki, komanda qarşıya qoyulan məqsədə çatacaq.


- Qış fasiləsində heyətdə nə kimi dəyişikliklər olacaq?


- Yəqin ki, çox transfer reallaşdırmayacağıq. Cəmi 2-3 yerli oyunçu transferi reallaşdıra bilərik. Çünki hazırkı nəticələrimizi daha da yaxşılaşdırmalıyıq. İstəyimizə çatsaq, növbəti mövsüm Premyer Liqada çıxış etsək, o zaman heyətimizə daha çox yeni futbolçu qata bilərik.


- Baş məşqçinin, idarə heyətində yer alanların fəaliyyəti sizi qane edir?


- Qane edir. Baş məşqçidən də, klubun əməkdaşlarından da tam razıyam. Onlardan heç bir narazılığım yoxdur. Geridə qalan müddətdə işlərinin öhdəsindən tam gəliblər.


- Son günlər ən çox müzakirə olunan məsələlərdən biri də I diviziondakı danışılmış oyunlardır. Klub rəhbəri kimi bu məsələyə münasibətiniz necədir?


- Çox pisdir. Daha əvvəl demişəm, danışılmış oyunların qarşısını almalıyıq. Bu hallar olmamalıdır. Futbol düzgünlüyü sevir. Bizim klubun adı heç vaxt danışılmış oyunlarda hallana bilməz. Oyunçularımız, rəhbərliyimiz belə çirkin işlərə maraqlı deyil.





Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotdanlm-oyunlarn-qarsn-almalyqquot-t54448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR