Bakıda TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib

Bakıda TASİM layihəsi üzrə Nazirlər Toplantısı keçirilib
11:42 29 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakıda “Bakutel 2016” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə Nazirlər Toplantısı keçirilib. Bu barədə “Report”a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Toplantıda çıxış edən nazir Ramin Quluzadə İKT sahəsinin inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən islahatlar fonunda TASİM layihəsinin əhəmiyyətindən danışıb.
Nazir bildirib ki, dünya ölkələri arasında informasiya mübadiləsinin artan tələbatını qarşılamaq üçün TASİM xüsusi rola malikdir.
Layihəyə qlobal səviyyədə siyasi dəstək verildiyini nəzərə çatdıran nazir bildirib ki, TASİM-in həyata keçirilməsi region ölkələrinin sosial-iqtisadi inkişafına, xüsusilə də elektron hökumət, elektron səhiyyə, elektron ticarət, elektron təhsil kimi sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşkili və inkişafına öz müsbət töhfəsini verəcək.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan çıxışında belə bir layihəyə tərəfdaş olmaqlarından məmnunluqlarını ifadə edib, gələcəyin qlobal layihəsi hesab edilən TASİM-in reallaşdırılması üçün bütün dəstəyin göstərilməsinə hazır olduqlarını qeyd ediblər.
Toplantıda Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Houlin Çjao çıxış edərək bildirib ki, BMT-nin dəstəklədiyi bu layihə tərəfdaş ölkələrlə yanaşı ümumən dünya üçün böyük əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən Qazaxıstanın informasiya və kommunikasiya nazirinin müavini Alan Azhibayev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Jin Şubo çıxış edərək, Azərbaycanın təşəbbüsü ilə formalaşan TASİM layihəsinin qlobal əhəmiyətli olduğunu bildiriblər.
Qeyd edək ki, TASİM layihəsinin məqsədi əsasən Qərbi Avropadan Şərqi Asiyaya qədər Avrasiya ölkələrini əhatə edən transmilli fiber-optik xəttin çəkilməsidir.
Bu təşəbbüs 2008-ci ildə “Bakutel” sərgi və konfransı çərçivəsində Bakıda keçirilmiş nazirlər görüşü zamanı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən irəli sürülüb. Həmin il Bakıda Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsinin yaradılmasına dair xüsusi Bakı bəyannaməsi qəbul edilib. 2009-cu il dekabrın 21-də isə BMT Baş Assambleyasının 64-cü sessiyasında Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul olunub. 30 ölkə tərəfindən həm-müəllif qismində dəstəklənən və konsensusla qəbul edilən qətnamədə TASİM-in əlaqələndirilməsində Azərbaycanın xüsusi rolu qeyd olunub. 2010-cu ilin aprel ayından etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi TASİM layihəsinin İdarəetmə Qrupunu yaradıb və maliyyələşdirməkdədir.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakida-tasi-m-layihesi-uzre-nazirler-toplantisi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR