"Azərbaycanın xarici siyasətində barışıq və sülh prioritet fəaliyyətlərdən biridir. Regionda nüfuz qazanan Azərbaycanın digər ölkələr arasında münasibətlərin normallaşması üçün vasitəçilik etmək istəyi sözsüz ki, qarşı tərəf üçün sevindirici hal olar".
Milli.Az xəbər verir ki, bu sözləri "525"ə "Düşüncə" İctimai Birliyinin sədri, ekspert Emil Hüseynli İsraillə Fələstin arasında Azərbaycanın barışdırıcı missiya təklifi irəli sürəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
O bildirib ki, heç də uzaq olmayan keçmişdə Türkiyə ilə Rusiya arasında gərginliyin azaldılmasında, barışığın elan olunmasında Azərbaycan prezidenti İlham Əliyevin xüsusi xidmətləri olmuşdu: "Türkiyə və Rusiya rəsmiləri bunu rəsmi şəkildə bəyan ediblər. Az qala müharibə şəraitinə gələn Rusiya və Türkiyə Azərbaycanın vasitəçiliyindən sonra, bu gün strateji münasibətlərə qədər əməkdaşlıq edirlər".
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın həm İsraillə, həm Fələstinlə çox gözəl münasibətləri var:
"İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfəri zamanı ola bilsin ki, Azərbaycanın vasitəçilik məsələsi müzakirə olunsun. Hesab edirəm ki, Azərbaycan bu öhdəliyi üzərinə götürsə, İsraillə Fələstin arasında münasibətlərin normallaşmasına nail ola bilər. Bunun üçün Azərbaycanın uğurlu beynəlxalq tərcübəsi var".
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana rəsmi səfəri gözlənilir.
Milli.Az