Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zabil Məmmədov, İlyas Məmmədov və Ceyhunə Qurbanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu il mayın 4-də Bakı sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə meyiti yaşadığı Yasamal rayonundakı mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.
Müəyyən edilib ki, Məmməd Səmədov boğularaq öldürülüb. Onu öldürməzdən əvvəl məftillə əl-ayaqlarını bağlayıblar.

Məmməd Səmədov yaşadığı mənzilə bir neçə ildir köçübmüş. Heç vaxt ailə qurmayan 84 yaşlı kişi tək yaşayırmış. Qonşular onun sakit təbiətli olduğunu deyiblər. Məmməd Səmədovun qulaqları yaxşı eşitmirmiş.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə edən vəkillər iştirak etmədiyinə görə cinayət işi məhkəmə baxışına verilməyib.

Hazırlıq iclası dekabrın 27-də davam etdiriləcək.

Milli.Az