Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun
Amaşov Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi suala görə
“Lider TV”nin əməkdaşı Anar Həsənovun işdən çıxarılmasına münasibət
bildirib.
Publika.az xəbər verir ki, Ə. Amaşov bu addıma görə telekanala haqq
qazandırıb:
“Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan
jurnalistinin – “Lider TV”nin müxbiri Anar Həsənovun Rusiyanın
xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki,
uğurlu deyildi. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedirsə,
zənnimcə, daha vacib məqamlara diqqət yetirmək lazım idi. Məsələn,
2016-cı ilin “aprel müharibə”sindən sonra Lavrovun şəxsində Rusiya
yeni sülh planı irəli sürmüşdü. Nizamlama prosesindəki son və
deyərdim ki, daha real mərhələ məhz bu plan idi. Ancaq biz gördük
ki, plan icra olunmadı. Ermənistan məsələyə əhəmiyyət vermədi.
Rusiya isə sözünün üstündə durmadı. Lavrovdan bunun səbəbini
soruşmaq olardı. Nəzərə alaq ki, Rusiyanın yüksək vəzifə tutan
nümayəndəsinə birbaşa sual vermək şansı hər zaman ələ düşmür.
Şansdan maksimum yararlanılmalı idi. Bununla yanaşı, jurnalistin
işdən çıxarılması “Lider TV” rəhbərliyinin müstəsna səlahiyyətində
olan məsələdir. Əlbəttə, o, istedadlıdırsa, səmərəli fəaliyyəti ilə
seçilirsə, potensialından digər vəzifələrdə də istifadə etmək
olardı”.
Ə.Amaşov Anar Həsənovun jurnalist peşəsinə uyğun olmayan
hərəkətləri haqqında deyilənlərə də münasibət
bildirib.
“Bəzi adamlar bildirirlər ki, Anar Həsənov jurnalist peşəsinə uyğun
olmayan dəst-xətt seçirmiş. Müxtəlif təmənnalı işlər görürmüş. Mən
bu yanaşmanı məqbul saymıram. Əgər belə işləri olubsa, ona qarşı
tədbir vaxtında həyata keçirilməliydi. O adamlar da gərək həmin
vaxt dilə gələydilər, fikirlərini bildirəydilər. Hər bir halda
işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq bir daha deyim “Lider
TV” rəhbərliyinin səlahiyyətində olan məsələdir”, - deyə o
bildirib.