FHN-də 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib

FHN-də 2 fevral - Gənclər günü münasibəti ilə tədbir keçirilib
11:43 2 Fevral 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyində (FHN) 2 fevral - Gənclər günü münasibətilə tədbir keçirilib.

Publika.az xəbər verir ki, FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov iştirak ediblər.

Tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general-leytenant E.Mirzəyev FHN rəhbərliyi adından Azərbaycan gənclərini təbrik edib:

"Azərbaycanda gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Gənclərimizə qayğı bir ənənədir. Möhtərəm prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. 200-dən artıq xarici ali məktəbdə Azərbaycan gəncləri təhsil alır. O gənclər təhsillərini başa vurduqdan sonra ölkəmizə fayda verəcəklər".

FHN əməkdaşlarının 60-70 faizini gənclərin təşkil etdiyini vurğulayan nazir müavini qeyd edib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunmasında FHN yaxından iştirak etməyə hazırdır.

E.Mirzəyev işğaldan azad olunmuş Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Azərbaycan prezidentinin 4 milyon manat vəsait ayırmasını tarixi hadisə kimi qiymətləndirib, bundan ermənilərin qorxuya düşdüyünü bildirib.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri V.Quliyev isə qeyd edib ki, Heydər Əliyev rəhbərlikdə olduğu bütün zamanlarda gənclərə xüsusi önəm verib:

"Bu işlərin nəticəsində Gənclər və İdman Nazirliyi yaradıldı, Azərbaycan gənclərinin I forumu keçirildi. Azərbaycan gənclər siyasəti sahəsində böyük uğurlar qazanıb. Gənclər siyasəti prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

V.Quliyev deyib ki, FHN-də gənc əməkdaşlara xüsusi diqqət yetirilir.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov isə bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral ölkəmizdə Gənclər günü kimi qeyd olunur:

"Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu istər sovet, istərsə də müstəqillik dövründə hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərib. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də gənc nəslə yüksək dövlət qayğısı göstərilir. Gənclərə göstərilən dövlət qayğısı Fövqəladə Hallar Nazirliyində əsas götürülür".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini C. Alxasov Azərbaycan gənclərinin təhsili və əmək fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.

Sonda FHN-də vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş gənc əməkdaşlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR