“Cibindən kitab çıxmırsa, adi termini bilmirsənsə, evin yoxsa...”

“Cibindən kitab çıxmırsa, adi termini bilmirsənsə, evin yoxsa...”
17:13 2 Fevral 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda Gənclər günüdür. 1997-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı ilə Gənclər günü təsis olunub. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda Gənclər günü qeyd olunmağa başlayıb.

Teleqraf.com müxtəlif sahələrdə çalışan gənclərə iki sualla müraciət edib.

Öncə gənclərin əsas problemlərinin nədən ibarət olduğu və hansı sahələri əhatə etdiyi ilə maraqlandıq. Bundan başqa, ümumrespublika səviyyəsində gənclər təşkilatına ehtiyac olub-olmadığını soruşduq.

Cavabları təqdim edirik.

“Gənclər günü ilə bağlı təəssüratım əladır”

Jurnalist Aqşin Kərimov: “Mərhum prezident Heydər Əliyev gənclərin önəmini dərindən anladığı üçün Gənclər gününün qeyd olunması ilə bağlı sərəncam imzalamışdı. Amma mən pafosa qapılıb, hisslərimi ağlın süzgəcinin önünə verib, deyə bilmərəm ki, Gənclər günü ilə bağlı təəssüratlarım əladır.

Çünki bu günü mənimçün özəl edən element tapmaqda çətinlik çəkirəm. Bununla belə, bütün gənclərin adından danışmaq hüququna malik deyiləm. O fikirdə də deyiləm ki, Gənclər günü lazımsız bir təsisatdır. Ola bilsin, bir çoxları üçün olduqca əhəmiyyətlidir, kimlərsə bu gündə sevinir, həyat enerjisini çoxaldan stimul alır.

Gənclərin problemlərinə gəlincə, burada həm psixoloji-mənəvi, həm də fiziki cəhətdən olan nüanslar önə çıxarılmalıdır. Özlərini təsdiq edə bilməyən, yaxud potensialını daxili aləminin dərin qatlarında saxlayan gənclər psixoloji sarsıntıya düçar olurlar. Bu isə onların iş tapa bilməməsinə gətirib çıxardı.

Digər tərəfdən, ölkədə ali savadı olmayan gənclər də var. Təbii ki, onların da əsas problemi işlə bağlıdır. İstər istedadlı, istərsə təhsil almamış gəncləri birləşdirən bir xüsusiyyət var - ev problemi”.

Aqşin Kərimov hesab edir ki, Azərbaycanda ümumrespublika səviyyəsində böyük ordunu özündə birləşdirən gənclər təşkilatına ehtiyac var: “Belə bir qurum olsa, düşünürəm ki, gəncləri öz ətrafına yığa və stimulverici proqramla çıxış edə bilər”.

“Çox yaxşı olardı, gənclər təhsilə önəm verəydilər”

Aktrisa Günel Məmmədova: “Bütün gəncləri təbrik edirəm, hər kəsə öz işində uğurlar arzulayıram. Onu da qeyd edim ki, 2010-cu ildə “İlin aktrisası” nominasiyası üzrə Gənclər və İdman Nazirliyi tərəfindən mükafata layiq görülmüşdüm.

Xoş təsadüfdür ki, bu gün qaliblərin mükafatlandırılması mərasiminin aparıcısı mən olacağam. Bu, fəxr ediləsi duyğudur. Arzu edirəm, gənclərimiz Azərbaycanımızın bayrağını yüksək tribunalarda dalğalandırsınlar, bütün azərbaycanlılar bununla sevinsinlər.

Mən öz sahəmdə təmsil olunan gənclərin problemlərinə toxuna bilərəm. Əksər gənclərimizin təhsil problemi var. İncəsənət sahəsində təhsil çox bərbaddır. Gənclərimiz qabaqkı kimi nə mütaliə edirlər, nə öz sahələrinə aid elmi ədəbiyyat oxuyurlar. İncəsənətə aid elementar terminləri belə bilmirlər.

Naşı şəkildə imtahan verib, qəbul olunurlar, bununla da işin bitdiyini sanırlar. Çox yaxşı olardı ki, gənclər təhsilə önəm verəydilər”.

Günel Məmmədova ölkədə böyük əksəriyyəti sıralarında birləşdirən gənclər təşkilatı yaranarsa, cərgəsinə ilk yazılanlardan biri olacağını söyləyir.


“Cibində kitab daşımayan gənc uduzduğunu anlayacaq”

Yazar Elmin Nuri: “Gənclərin əsas problemi özünü formalaşdırma və özünübərpa prosesinin zəifliyindədir. Mən mövzunu sahələrə, ixtisaslara ayırmaq istəmirəm. İstərdim ki, bugünkü gənclik daha dərin intellektə, möhkəm xarakterə sahib olsunlar.

Xüsusən, tələbə kəsiminin buna böyük ehtiyacı var. Çantasında, yaxud cibində kitab daşımayan gənc bir gün uduzduğunu anlayacaq. Özüm də daxil olmaqla, cibikitablı gənclik görmək istərdim”.

Elmin Nurinin fikrincə, təşkilatlanma gənclərin öz təşəbbüsü kimi meydana çıxmalıdr: “Hər bir gənc gələcəklə bağlı məqsədli ideyaların yeriyən forması olmalıdır. O, özü-özündə təşkilat yaradıb və bunu məqsədlərinin həyata keçməsi üçün vasitəyə çevirirsə, əsas olan budur”.

Həkim Abidin Həsənli: “Bu gün bizim günümüzdür. Azərbaycan əhalisinə görə dünya dövlətləri arasında gənclərin çoxluq təşkil etdiyi ölkələrdən biridir. Yəni, ölkənin əsas gücünü biz gənclər təşkil edirik. Ona görə də əsas yük bizim çiynimizə düşür. Mən də gənc həkim kimi deyə bilərəm ki, öz üzərimdə çox işləməli, Azərbaycanda tibb elminin və tibb təhsil sisteminin inkişafı üçün öz töhfəmi verməliyəm. Bunun üçün hədəflərim var. Yaxşı həkim mütəxəssis olmaq, vətənim Azərbaycana xidmət etmək istəyirəm”.


Abidin Həsənli Azərbaycanda ümumrespublika səviyyəsində gənclər təşkilatına ehtiyac görür: “Belə bir qurumun olması vacibdir. Gənclərin pərakəndə şəkildə deyil, təşkilatlanmış formada məqsədlərinin həyata keçirilməsinə çalışmalıdırlar.

Xüsusilə səhiyyə sahəsində çalışan gənc həkimlərin təşkilatlanması da əhəmiyyət kəsb edir. Çünki hər sahənin olduğu kimi, tibb sahəsinin də özünəməxsus həllini gözləyən vacib məsələlər mütləq var”.

“Magistraturanı da bitirdim, amma...”

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 28 yaşlı doktorantı Vəfa Babasoy özünü o qədər də gənc saymır: “Doktorant kimi deyə bilərəm ki, mənim üzləşdiyim problemlər tək mənə aid deyil. Başqaları da mənim problemlərimlə qarşılaşırlar. Bakalavr pilləsində təhsil alanda ümid edirdim ki, magistrda oxuyanda yaxşı iş tapa bilərəm. Ancaq magistraturanı da bitirdim, yenə ixtisasıma uyğun iş tapa bilmədim.

Bəhanə edirdilər ki, doktorant olsam, yaxşı iş imkanları yaranacaq. Hazırda doktorantam, indi də bəhanə var ki, doktorantsansa, bu pilləni bitirmədən işləmək olmaz. 130 manat təqaüd alıram, onunla ancaq elmi işim üçün lazım olan materialları toplamaq olar. Başqa heç nə... Xarici jurnallarda məqalə çap elətdirmək, konfransa qatılmaqdan danışmağa dəyməz”.

Vəfa Babasoy gəncləri birləşdirən hansısa yeni qurumun perspektivinə də bir o qədər inanmır.

“Birləşib böyük nailiyyətlər əldə edə bilərik”

Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun əməkdaşı Gülbəniz Abdullayeva deyir ki, gənclərin əsas problemlərindən biri işə qəbulla bağlıdır: “İş axtardığımız zaman təcrübə tələb olunur. Düşünən yoxdur ki, universiteti təzə bitirmiş birinin təcrübəli olması mümkün deyil. O, mütləq hardasa işləyib təcrübə yığmalıdır”.

Gülbəniz Abdullayeva qeyd edir ki, Azərbaycanda ümumrespublika səviyyəsində böyük ordunu özündə birləşdirən gənclər təşkilatına ehtiyac var: “Deyərdim, bu, hətta mütləqdir. Gənclərə dəstək məqsədi ilə bir addım atılmalıdır. Savadlı gənclərimiz heç də az deyil. Onlar birləşib, birlikdə böyük naliyyətlər əldə edə bilərlər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/186190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR