Parlament sədri: "Azərbaycan Pakistan üçün ən yaxın və qardaş ölkədir"

Parlament sədri: "Azərbaycan Pakistan üçün ən yaxın və qardaş ölkədir"
20:22 3 Fevral 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir Əli Əlizadə Pakistan Milli Assambleyasının rəhbərliyi və üzvləri tərəfindən Azərbaycana münasibətdə göstərilən diqqətin məmnunluqla qarşılandığını bildirib.
O, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib, assambleya sədrinin cari ildə Azərbaycana səfərinin bu əlaqələrə xüsusi tövhə verəcəyini söyləyib.
Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımadığına və Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə də təşəkkür edən səfir, Azərbaycanın da Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilən qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində, o cümlədən Kəşmirdə həyata keçirilən hümanitar və sosial yönümlü layihələr haqqında məlumat verən səfir bu layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb, bu layihələrin gələcəkdə də fond tərəfindən davam etdiriləcəyini bildirib.
O, bu ilin fevralında 25-ci ildönümü tamam olacaq, təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilən Xocalı soyqrımının tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunan Azərbaycan torpaqlarından dərhal çıxmasını tələbedən qətnamələrin vaxtı ilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini deyib.
Sərdar Ayaz Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu bildirib, Azərbaycanın Kəşmir məsələsindəki mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Dağlıq Qarabağ məsələsinin diqqətdə saxlandığını, Pakistanın daim Azərbaycanı dəstəklədiyini bildirən Sərdar Ayaz Sadiq 1992-ci ildə törədilmiş Xocalı soyqrımının da unudulmadığını bildirib. Parlamentlərarası əlaqələrin daha da artırılması gərəkdiyini vurğulayan assambleya sədri münasib zamanda Azərbaycana səfər edəcəyini qeyd edib. 


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/parlament-sedri-azerbaycan-pakistan-ucun-en-yaxin-ve-qardas-olkedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR