Bakı. 24 fevral. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələrindən ibarət Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə “Report”a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Təşkilati məsələlər (Komissiyanın reqlamentinin, embleminin, blankının və s. müzakirəsi və təsdiqlənməsi) ilə yanaşı, iclasın gündəliyinə “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin və Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əmək sferasının gələcəyi” təşəbbüsü üzrə məruzənin müzakirəsi daxil edilib.
Gündəlikdə həmçinin Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısının və işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsinin müzakirə edilməsi də əksini tapıb.
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkədə işsizlikdən sığorta sisteminin formalaşdırılması işləri aparılır: "Belə bir sistemin yaradılması Dövlət Məşğulluq Strategiyasında da nəzərdə tutulub, həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında məcburi dövlət sosial sığorta haqlarının strukturunun optimallaşdırılması zərurəti qeyd olunub”.
S.Müslümov qeyd edib ki, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi hazırlanıb: "Layihədə işsizlikdən icbari sığorta üzrə sığorta tarifləri sığortaedənlər üçün əməyin ödənişi fondunun 0,5 faizi, sığorta olunanlar üçün əmək haqqının və işdənçıxma müavinəti istisna olmaqla digər ödənişlərin (əlavələrin və mükafatların) 0,5 faizi miqdarında olması nəzərdə tutulur. Ümumi sığorta haqqı cəmi 1 faiz təşkil edir ki, bu tarif dünya ölkələrindəki müvafiq tariflər üzrə ən aşağı səviyyədədir”.
Nazir işsizlikdən sığorta sisteminin formalaşmasının işsizlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər, aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi imkanlarını da artıracağını diqqətə çatdırıb.
Ölkəmizdə əməyin mühafizəsi sahəsində fəal dövlət siyasətinin həyata keçirildiyini qeyd edən S.Müslümov bu siyasətin əsas istiqamətlərindən birinin də işçilərin həyat və sağlamlığının mühafizəsinə yönəldiyini vurğulayıb: “Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2015-ci ildə respublikanın sənaye sahəsində çalışan muzdlu işçilərin 15 faizi, tikintidə çalışanların 4,1 faizi, nəqliyyat sahəsində çalışanların 10,4 faizi, rabitə sahəsində çalışanların 2,3 faizi əlverişsiz əmək şəraitində çalışanlar (yəni ağır və zərərli iş şəraitində işləyənlər) olublar. İqtisadiyyatın digər sahələrində əlverişsiz əmək şəraitində çalışanlar az olduğu üçün onlar statistik hesabatlarda göstərilmirlər”.
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli qanunu ilə Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin ikinci abzası kimi, işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin siyahısının və onların tətbiqi qaydalarının da hazırlanması nəzərdə tutulub. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin “İşçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların siyahısının və işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlanıb. Qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi işçilərin həyat və sağlamlığının qorunmasında profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.
Nazir əlavə edib ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər: “Həmin maddədə o da bildirilir ki, müəssisənin mülkiyyətçisi və işəgötürəni əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidirlər”.
Sonra gündəlikdə dayanan məsələlər ətrafında müzakirələr aparılıb. İlk növbədə Üçtərəfli Komissiyanın reqlamenti, emblemi, blankı və s. müzakirə olunub və yekdil səsvermə əsasında təsdiq edilib.