Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Kənan Qasımovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Tamella Nəsrullayeva sədrlik edib. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığına görə onun anası Xatirə Qasımova hüquqi nümayəndə kimi tanınıb.

Daha sonra K.Qasımovun anket məlumatları dəqiqləşdirilib.

X.Qasımova bildirib ki, şirniyyat bişirməklə məşğuldur və Binə qəsəbəsində yaşayır.

Hakim məhkəməyə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi kimi gələn Rövşən Əhmədovun da anket məlumatlarını dəqiqləşdirib.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, qətl ötən ilin oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.

Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib.

Mübahisə zamanı əsəbiləşən K.Qasımov mətbəxdən bıçaq götürüb. Atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində