“Niderland hökuməti dünyanın gözü qarşısında dinc insanlara zor tətbiq edib, rəsmi dövlət adamlarının səfərini əngəlləyib. Bu cür davranışı yalnız terrorçular edə bilərdi”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilən deputatı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi, akademik Seyit Sertçelik bildirib.

Türkiyəli deputat deyib ki, bu cür davranış Avropa Birliyi ölkəsinə yaraşmır:

“Niderland hökumətinin Türkiyəyə qarşı nümayiş etdirdiyi faşist münasibət heç bir məntiqə sığmır. Hazırda biz Avropanın demokratik dəyərlərinə yaraşmayan hadisələrlə qarşı-qarşıyayıq. O mitinqdə toplanan türklərin əksəriyyəti Hollandiya vətəndaşlarıdır. Niderlandın öz vətəndaşlarına qarşı bu cür zorakılıq nümayiş etdirməsi demokratik prinsiplərə zərbədir. Avropa demokratik dəyərləri budurmu?”

Seyit Sertçelik qeyd edib ki, hazırda Türkiyənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı müvafiq addımlar atır:

“Şübhəsiz ki, Niderland hökumətinin layiqli cavabı veriləcək”.

Vasif Həsənli