“Mən bu vətəndə yaşayıramsa, buranı qorumalıyam. Kimsə evimizə tərəf çəp baxanda az qalırıq onu öldürək. Torqaqlarının 20%-i işğal altında olan ölkənin gəncləri ölümdən qorxmamalıdır, daim döyüş vəziyyətinə hazır olmalıdır”. Bu fikirləri Qarabağ qazisi Kamil Musavi səsləndirib.
Xatırlatma...
Musavi Kamil İbadət oğlu 1990-cı ildə Qazax rayonunda anadan olub. Birinci sinfə qədəm qoyduğu vaxtdan güləşlə məşğul olmağa başlayıb. 6 ay sonra rayon çempionatının qalibi olan Kamil idmanda bir sıra nailiyyətlər qazanıb. Bir çox turnirin qalib və mükafatçısıdır.
Azərbaycan ordusunun baş leytenantı 2015-ci ilin oktyabrında döyüş tapşırığını yerinə yetirərkən bir ayağı və gözünü itirib. Ancaq gənc baş leytenantın bu hadisədən sonra da həyat eşqi sönməyib.
Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə “Vətənə Xidmət medalı” ilə təltif edilib.
Gənc komandir həyatı və xidməti vəzifəsi zamanı qarşılaşdığı hadisələrlə bağlı Metbuat.az-a müsahibə verib.
- Öncə idmana gəlişinizdən başlayaq. Necə oldu ki, güləşlə məşğul olmağa başladınız?
- Güləşə əmim oğlu sayəsində gəlmişəm. “Daşaltı əməliyyatı”nda həlak olan əsgərlərimizin xatirəsinə həsr olunmuş turnirdə çıxışımdan sonra Firdovsi Umudov məni təbrik etdi. Sərbəst güləş üzrə Azərbaycan millisinin böyük məşqçisi məni yığma komandaya dəvət etdi. İdmançıların vətənpərvər ruhda yetişməsində onun əməyi böyükdür.
- Peşəkar idmandan ayrılmağınıza səbəb nə oldu?
- Vətənə hərbçi kimi xidmət etmək istəyim daha güclü idi. Uşaqlıqdan kəşfiyyatçı olmaq istəmişəm. Bu məqsədlə 2008-ci ildə Heydər Əliyev adına Hərbi Ali Akademiyanın kəşfiyyatçı ixtisasına daxil oldum. 2013-cü ildə isə Təlim, Tədris mərkəzində ixtisasımı təkmilləşdirdim. Həmin il müdafiə nazirinin əmri ilə Tərtər rayon N saylı hərbi hissəsinə Kəşfiyyat tağım komandiri vəzifəsinə təyin olundum. Bir il sonra yaxşı xidmətə görə Tərtər rayon kəşfiyyat bölməsinə kəşfiyyat qrup komandiri vəzifəsinə təyin olundum. Döyüş tapşırığını yerinə yetirərkən 2015-ci ilin oktyabrında Talış istiqamətində mina partlaması nəticəsində yaralandım.
- Hərbçi peşəsini seçərkən bu durumu gözə almışdınızmı?
- Həyat möcüzələrlə doludur. Bədənimin müəyyən hissələrini itirsəm də, ordumuzun Aprel döyüşləri zamanı işğal altında olan bəzi torpaqlarımızı işğaldan azad etməsi məni ikinci dəfə həyata qaytardı.
- Yeniyetmə və gənclərin vətənpərvərlik hissi sizi nə dərəcədə qane edir?
- Yeniyetmələr vətənpərvərlik verilişlərinə az baxır, əksəriyyəti bu maraqda deyil. Onlar qarşılarına torpaqlarımızı işğaldan azad etməyi məqsəd kimi qoysalar, qələbə əldə etmək mümkündür. Vətənə ailəmiz kimi yanaşsaq, vətənpərvərlik hisslərimiz bir o qədər güclənər.
- Bir zabit kimi bu sahədə hansı işləri görürsünüz?
- Xüsusilə Qazax məktəblərində keçirilən müxtəlif tədbirlərdə çıxış edirəm. Aprel döyüşlərinə həsr olunmuş tədbirlərlə yanaşı, Qusarda Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş kiqboksinq üzrə keçiriləcək yarışda da iştirak edəcəm.
Döyüşlərdə olmasam da, yoldaşlarımla mütəmadi əlaqə saxlayıram. Döyüşləri sanki yaşayıram.
- Əsgər necə idarə olunmalıdır?
- Əsgəri idarə edə bilmək üçün ilk növbədə onu başa düşmək lazımdır. Bu isə onu öz doğman kimi qəbul etməkdən başlayır.
- Peşəkar idmandan ayrılandan sonra yenidən güləşə qayıtmaq fikriniz varmı?
- Məşqləri tam şəkildə olmasa da, bacardıqca davam etdirirəm. Paralimpiya Komitəsində idmançı kimi çıxış edərək, ölkəmizi dünya arenasında təmsil etmək niyyətim var.
- “Qarabağa qayıdış strategiyası” haqda fikirlərinizi bölüşməyinizi istəyərdik.
- Qarabağın işğaldan azad edilməsi üçün ordumuza hər cür şərait yaradılıb. Ordumuz gücünü ötən ilin aprelində baş verən müharibədə sübut etdi. Əslində, Aprel döyüşlərinə hazırlıq 2015-ci ilin martından başlamışdı. Daim atəşkəs rejimini pozan erməni təxribatçıları aparılan uğurlu əməliyyatlar nəticəsində məhv edildi.
KİV müharibə ilə bağlı xəbərlərdə xüsusilə diqqətli olmalıdır. Azərbaycanda 30 mindən çox erməninin yaşadığını nəzərə alsaq, yayılan dezinformasiyanın ermənilərin xeyrinə işləyəcəyini başa düşməmək normal hal sayıla bilməz.
- Hərb, yoxsa sülh?
- Ən gözəl strategiya sülhdür. Lakin bir zərbəyə beş zərbə vurmağa da daim hazırıq.
Aytən Novruzova / Metbuat.az