Mənzil bazarında durğunluq yaşanır

Ötən ilin ortalarından etibarən neftin qiymətinin dünya bazarında ucuzlaşmasının ölkə iqtisadiyyatına böyük təsirinin olacağı bildirilirdi. Ekspertlər neftin qiymətinin aşağı düşməsi ilə mənzil bazarında da qiymət azalmalarının müşahidə olunacağını qaçılmaz hesab edirdilər.

Metbuat.az xəbər verir ki, keçən ilin sonlarına doğru mənzil bazarında qiymətlərdə kəskin enmə olmasa da, müəyyən durğunluq müşahidə olunmağa başlayıb. Bu ilin əvvəllərində isə manatın avro və dollara nisbətən kursunun düşməsi ilə mənzil bazarında qarışıq bir vəziyyət yaranıb. Belə ki, mənzili satanlar artıq manata yox, dollara üstünlük verir. Bu isə mənzil bazarında qiymət artımına gətirib çıxarıb.

Daşınmaz əmlak bazarında alqı-satqı prosesinə tətbiq edilən vergi sisteminin sərtləşdirilməsi də bu sahəyə ciddi təsirini göstərib. Belə ki, 3 il daxilində alqı-satqı prosesinə cəlb olunmuş əmlak əlavə dəyər vergisinə cəlb olunacaq. Bu isə fiziki şəxslərdən gəlir vergisinə uyğun şəkildə hesablanacaq.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ev alqı-satqısı ilə məşğul olan əmlak agenti Cəlil Qasımov evlərin qiymətlərindəki ucuzlaşmadan danışıb:

“Bazarda vəziyyət çox zəifdir. Alıcılar 40, 50, 65, 70-80, maksimum isə 100 min manatlıq evi almağa üstünlük verir. Bu qiymətdən baha isə mənzil almaq istəyənlər demək olar ki, yoxdur. Müştərilər ucuz mənzil axtarışındadır. Onlar gözləmə mövqeyi tutaraq ev almaqdan daha çox satmağa üstünlük verirlər. Paytaxtın bəzi ərazilərində aparılan söküntü işləri ilə əlaqədar olaraq, həmin ərazilərdə vəziyyət daha gərgindir. Dolanmaq üçün əsasən ev kirayəsi ilə məşğul olmağa məcburuq”.

İqtisadçı Natiq Cəfərli isə problemin səbəblərini açıqlayıb:

“Mənzil bazarında dövriyyə xeyli dərəcədə azalıb. Azərbaycanda uzun illər xaricdən, əsasən də Rusiyadan gələn kapital hesabına mənzillərin alınması prosesi sürətlə gedib. Lakin artıq Rusiyada da iqtisadi vəziyyət yaxşı deyil. Bəzi şəxslər Rusiyadakı bizneslərini qorumaq üçün burdakı evlərini satır. İpoteka kreditlərinin verilməsində də bəzi çatışmazlıqlar var. Bu il ipoteka kreditlərinin verilməsi üçün büdcədən ayrılan vəsait hesabına vəziyyət bir qədər normallaşa bilər. Digər səbəb isə iqtisadi göstəricilərin azalmasıdır. İnsanların iqtisadi aktivliyi azaldıqca, alıcılıq qabiliyyəti zəifləyir və beləliklə də, mənzil almağa imkanlar tükənir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR