Dəfn mərasimlərində dəyişikliklər

Milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri də yas və dəfn mərasimi hesab edilir. Mərasim müasir dövrdə öz məzmun və mahiyyətini demək olar ki, dəyişib.

Azərbaycanda dəfn adətləri çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar burada 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Yas və dəfn mərasimi müsəlman mərasimləri arasında ən arxaik, bununla yanaşı, islamdan əvvəlki bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasim hesab edilir.

Bölgələrdə yas və dəfn mərasimləri müxtəlif ayin və yozumlarla, adət və ənənələrlə müşayiət olunub. Ölü düşən evdə qadınlar üzlərini cırır, diz və sinələrinə yumruqla döyərək uca səslə qışqırırdılar. Cavan qadınlar və qızlar saçlarını dağıdaraq ölünün üstünə yolub tökürdülər. Gur səsli bir qadın ucadan “şaxsey-vaxsey” qışqırır, bununla da mərasimi ələ alır, digər qadınlar isə ona səs verirdilər.

Mərhumu qəbiristanlığa aparanadək bu ayin icra olunur, arada isə ağılar söylənilirdi. Qadınlar bir-birinin ardınca ağılar deyir və dizlərini döyürdülər. Qadınların “şaxsey-vaxsey” ayini qəbiristanlığa qədər davam edirdi. Hətta bu mərhum qəbirə qoyulduqdan sonra da bir müddət davam edirdi. Sonra isə səs tonu bir az alçaldılır, ağı şəklində bayatılar söylənilirdi.

Yas və dəfn mərasimi ilə bağlı Metbuat.az-a açıqlama verən kulturoloq Aydınxan Əbilov bəzi fərqlərdən danışıb.

“Yas mərasimləri digər mərasimlər kimi islahatlara məruz qalıb. Əvvəllər xüsusilə bölgələrdə yas mərasimi zamanı 7 gün çadır qurulurdu. Ölü sahibi kədər içərisində olduğundan, yaxınlıqda yaşayanlar öz evlərində müxtəlif xörəklər hazırlayaraq çadıra aparırdılar. Bu isə sosiallaşma və paylaşmanın bir forması idi. Bu yolla həmin insan psixoloji-mənəvi böhrandan az da olsa çıxarılırdı. Əvvəllər qəbir üstündə 40 gün xüsusi çadırlar qurulurdu. Mollalar çadırda yasin oxuyurdular. Birinci gündən yeddinci günə qədər 3 və 7 də daxil olmaqla, 40 mərasimi çox səmimi şəkildə keçirilirdi. 40 gün ərzində insanlar imkan daxilində ölünü tək buraxmamaq üçün axşamlar qəbiristanlığa gedərək dualar oxuyurdular. Vaxt keçdikcə mərasimin forması dəyişməyə başladı. Vulqarlıqla müşayiət olunan yas mərasimlərində bəlkə də, toyda olmayan nemətləri stol üzərinə düzməyə başladılar. İctimaiyyətin müdaxiləsi və Dini İşlər üzrə Komitənin qərarından sonra hüzur mərasimlərinin keçirilməsi ilə bağlı sadə formatlar təyin olundu. Məsələn, Naxçıvan MR-da Ali Sovetin qərarı ilə yas mərasimlərində yalnız halva və çay verilir. Lənkəranda dini icmalar və insanlar məscidə hər ay 1 manat verməklə, yas mərasiminə sərf olunan xərcləri öz üzərinə götürür. Məscid icması çadırdan tutmuş mollaya, qəbiristanlığa qədər olan vəsaitləri ödəyir. Bir çox yerlərdə isə çadırda siqaret çəkmək qadağan edilib. Əvvəllər 7 gün keçirilən yas indi 3 günə endirilib. İslahatlar daha da davam etdirilməlidir”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR