Yeni savaş astanasında: raketlər qapını döyür

Yeni savaş astanasında: raketlər qapını döyür
11:42 13 Aprel 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Suriya prezidenti Bəşər Əsədə verdiy dərsi Kim Çen In üçün də təkrarlamaq istəyir

ABŞ prezidenti Donald Tramp Çin lideri Si Szinpinə müraciət edərək bildirib ki, Şimali Koreya rəhbərliyinin nəzərinə çatdırsın: "Birləşmiş Ştatlar ylanız aviadaşıyıcı gəmilərə yox, atom sualtı qayıqlarına da malikdir".

Milli.Az bildirir ki, Birləşmiş Ştatların prezidenti Donald Tramp The Wall Street Journal-a verdiyi müsahibəsində belə deyib.

Tramp aprelin 11-də Si Szinpinə zəng vuraraq bir saat davam edən telefon danışığı zamanı bu xahişini dilə gətirib.

"Şimali Koreya Xalq-Demokratik Respublikasının nüvə silahına malik olmasına imkan verilməməlidir. Onlar hələlik nüvə başlığı daşıyacaq vasitələrə malik deyil. Lakin bu vasitələr onlarda olacaq", - Tramp deyib.

ABŞ prezidenti daha sonra bildirib ki, Vaşinqtonun Koreya yarımadasına aviadaşıyıcı qruplaşma yollaması Pxenyanı bundan sonrakı düşünülməmiş addımlardan çəkindirmək məqsədi güdür.

Koreya sahilləri yaxınlığında toplaşan ABŞ Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcı qruplaşmasının tərkibində ən azı 1 "Ohaio" tipli atom-raket sualtı qayığı var. Bu qayıq 154 "Tomahawk" raketləri ilə təchiz olunub.

Atom sualtı qayığı "USS Carl Vinson" aviadaşıyıcı gəmisinə qoşulub.

Vurulacaq, ya vurulmayacaq?

ABŞ prezidenti Donald Tramp Suriyanın Homs vilayətindəki əş Şəryat aviabazasının 59 "Tomahawk" qanadlı raketləri ilə vurulmasına əmr veribsə, həmin əmr Şimali Koreya üçün təkrarlana bilərmi?

Əslində, az qala hər il bahar aylarında Qərb mediası "Koreya yarımadası savaş astanasındadır" tipli məqalələr, araşdırmalar, təhlillər dərc etməyə başlayırlar. Bu il də istisna deyil. Səbəbsə ABŞ prezidenti Donald Tramp administrasiyasının aqressiv, sərt bəyaatlarıdır. Son iki ay ərzində Ağ Ev mənsubları dəfələrlə bəyan ediblər ki, Şimali Koreyanın ABŞ-a çata biləcək qitələrarası ballistik raketi sınamaq niyyəti Pxenyanı vurmaq üçün yetərli səbəbdir.

Şimali Koreyada həmin sınaq bu gün olmalıdır və Pxenyan niyyətindən əl çəkmək fikrində deyil.

Üstəlik, Ağ Evin yeni sahibi emosional, beynəlxalq siysətdən o qədər də baş çıxarmayan, amma heç zaman geri çəkilməyən və istənilən problemin həllinə çalışan adam təsiri bağışlayır. Bundan başqa, Donald Tramp prezident seçiləndən az sonra ətrafına deyibmiş ki, bəs Rusiya və Çindən sonra Şimali Koreyanın da ABŞ-ı raketlərlə vura biləcək ölkəyə çevrilməsinin qarşısını güc tətbiq etməklə almağı düşünür.

Qərb mediası "Tramp Şimali Koreyanı vuracaq" yazır.

Gerçəkdən?

İnanmıram.

Əsla.

Birləşmiş Ştatlar beynəlxalq arenada artıq bərqərar olmuş "çılğın, emosional Donald Tramp" obrazından yararlanaraq Şimali Koreyaya təzyiqlər etmək, Kim Çen Inı qorxutmaq üçün blef edir. Amerikalıların məqsədi Pxenyanı qitələrarası ballistik raketlərin hazırlanması ilə bağlı apardığı işləri dayandırmaq, heç olmasa belə raketin sınaqlarından daşındırmaqdır.

Savaş olmayacaq.

Ən azı ona görə ki, belə savaş Koreya yarımadası üçün vəhşət ssenarisidir və ameriklılalara da əl vermir.

"Savaş olacaq, Tramp Şimali Koreyanı vuracaq!" deyənləri anlayıram: Qərb mediasının təbliğatının zombiləşdirdiyi insanlardır.

Tamam, bir anlıq təsəvvür edək: Şimali Koreya bu gün qitələrarası ballistik raketi sınayır, Donald Tramp bundan xəbər tutur və Kim Çen In rejiminin superməxvi, hiperönəmli obyektlərinin vurulmasına əmr verir.

Bəribaşdan xatırladım ki, gerçək həyatda bu təxminin reallaşma şansı total sıfıra bərabərdir.

Amma davam edək.

Çılğın, emosional, ekssentrik Donald Tramp, təsəvvür edək ki, "düynanın ən dürüst telekanalı" Fox-da xəbərlər buraxılışına baxıb sinirlənib, ya da onun qızı İvanka Tramp atasının yanına gələrək təlaşla deyib ki, bəs sevimli Nyu-Yorku koreyalılar raketlə vura bilərlər.

Hadisələr belə ssenari üzrə inkişaf edərsə, ABŞ Şimali Koreyada sınağa hazırlanan raketin olduğu meydançanı vurmalı, ya da raket səmaya qalxandan az sonra onu vurub partlatmalıdırlar.

Belə əməl dünya miqyasında ciddi qalmaqal yaratmayacaq. Amma ciddi effekt də verməyəcək. Şimali Koreyada uzaq mənzilli raketlərin hazırlanması ilə bağlı işlər davam etdiriləcək - sınağın alınmaması bu işlərin gedişatını ləngitsə də...

Digər "qətiyyətli və sərt" ssenari ABŞ-ın qanadlı raketlərlə genişmiqyaslı və qəfil zərbələr endirərək Şimali Koreyanın raket-nüvə kompleksini sıradan çıxarmasıdır. Yəni nüvə silahı istehsalı mərkəzləri, raketlərin komponentlərinin istehsal olunduğu və yığıldığı zavodlar, sınaq mərkəzləri və anbarlar bombalanır.

Belə obyektlərin tam əksəriyyəti yer altında olaraq çox ciddi mühafizə edilsə də, ABŞ bu obyektlərin tam əksəriyyəti barədə məlumatlara malik olmasa da, nəzəri baxımdan zərbə istisna deyil.

İkinci ssenari olarsa

rəsmi Pxenyan cavab tədbirlərinə əl atmalı olacaq. Şimali Koreya rəhbərliyi dərk edir ki, raket zərbələrinə sərt reaksiya olmasa, belə zərbələr yenə davam edəcək.

Şimali Koreya lideri Kim Çen Inın qətiyyətinə və aqressivliyinə şübhə etməyə dəyməz.

Çünki Pxenyanda güzəştlər zəiflik əlaməti sayılır.

Belədirsə, Şimali Koreyanın cavab tədbirlərii necə ola bilər?

Təbii, Şimali Koreyanın uzaqvuran topları Cənubi Koreya ərazisində belə obyektləri vura bilər. Lakin rəsmi Pxenyanın reaksiyası assimetrik olacaq: çünki bir var illərlə həyata keçirilən raket-nüvə proqramı amerikalıların zərbələri nəticəsində iflic ola, bir də var obyektlər topa tutula.

Ona görə də Şimali Koreya cavab zərbəsi üçün hədəf qismində Cənubi Koreyanın paytaxtı Seulu seçib.

Seul... 25 milyon insanın yaşadığı nəhəng meqapolis Şimali Koreya ilə sərhədin yaxınlığında yerləşib. Şimali Koreya ordusu da sərhəd boyunca, yəni faktiki olaraq Seulun şimal həndəvərində 250 uzaqvuran top yerləşdirib. Bu toplar Seulun mərkəzi və şimal hissələri viran qoya bilərlər.

Həmin toplar möhkəmləndirilmiş mövqelərdədir və onları məhv etmək asan məsələ deyil.

Kim Çen Inın əmrini alandan sonra həmin topların hər birindən Seul tərəfə onlarla atəş açılması şübhəsizdir.

Hədəflər sırf hərbi və sənaye obyektləri olsa belə, Seulda dinc əhali arasında itkilər fəlakət səviyyəsinə sata bilər.

Cənubi Koreya rəhbərliyi də bu zərbələrə dözməyəcək, Şimala sarsıdıcı zərbələr vurmağa çalışacaq.

Beləcə, İkinci Koreya savaşı başlayacaq, on minlərlə, bəlkə də yüz minlərlə insan həlak olacaq.

Bəs Çin?

Şimali Koreyanı indiyədək həmişə dəstəkləmiş Çin faktiiki olaraq Pxenyan rejiminin dayağıdır.

Daha doğrusu, dayağı idi.

Diktator Kim Çen Inın sərsəm siyasəti səbri sonsuz sayılan Pekinin də səbr kasasını daşdırıb. Formal olaraq Çin Pxenyanın müttəfiqi sayılır və  savaş başlayarasa, Şimali Koreyanın tərəfini tutmalıdır. Lakin Çin belə davrnanmayacaq, çünki Şimali Koreyanın yürütdüyü siyasət və xüsusilə də onun nüvə proqramı Pekini həddən ziyadə qıcıqlandırır.

Bununla belə, savaş olarsa, Çin Şimali Koreyaya hərbi yardımlar edəcək, ABŞ-ın planlarını pozmağa çalışacaq və beləcə, münaqişə uzanacaq.

Savaş Pxenyanın məğlubiyyəti ilə başa çatsa da, Vaşinqtonla Seulun uğuru Pirr qələbəsi olacaq. Tam məğlubiyyət qorxusu ilə üzləşəcək Şimali Koreyanın nüvə silahına əl atması da istisna deyil.

Beləliklə, Şimali Koreyanın nüvə proqramının və qitələrarası ballistik raket sınaqlarının qarşısını almağa çalışan ABŞ yeni Vyetnam savaşı ilə üzləşəcək.

Bütün bunlar ehtimaldır.

Nədən ki, Şimali Koreya hərbi, siyasi baxımdan Suriya deyil, Pxenyana raket zərbələri endirmək də ABŞ üçün həddən ziyadə təhlükəlidir.

Ona görə də "Şimali Koreya vurulacaq!" isteriyası mənasız blefdir.

Amerikalılar Pxenyanı qorxudur, Trampın "nə edəcəyi bilinməyən prezident" imicindən yararlanırlar.

Şimali Koreya onillərlə "çılğın, nə edəcəyi bilinməyən dövlət" obrazından yararlanıbsa, indi, deyəsən, Vaşinqtona növbə çatıb.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534611.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR