Şimali Koreya –ABŞ münasibətlərinin dalana dirəndiyi bir vaxtda paytaxt Pxenyan böyük təntənə ilə“Günəş bayramı”nı qeyd edir.
Metbuat.az bildirir ki, Şimali Koreya rejiminin banisi Kim İr Senin ad günü münasibətilə qeyd edilən gündə ənənəvi parad təşkil edilib. Kim İr Sen "günəşi dərk etmək" mənasını verir. Rejimin banisi koreyalılar üçün bir tanrı gözündə görülür, onun heykəli məbəd kimi yad edilir. Ölümündən 23 il keçsə də, əbədi lider hesab edilir.
Paradda ilk dəfə olaraq sualtı qayıqların təchiz etdiyi "Pukkuksonq-2 ballistik raketləri" nümayiş etdirilib. Paradı ölkə lideri Kim Çen In qəbul edib. Tədbirə 200-ə yaxın xarici jurnalist dəvət olunub.
Qeyd edək ki, rəsmi Vaşinqton Pxenyanın nüvə sınağı keçirəcəyi halda, ölkəyə raket zərbələri endirəcəyini bildirmişdi. Sanksiyaların daha da sərtləşdiriləcəyi deyilir. Şimali Koreya da zərbələri cavabsız qoymayacağını bəyan edib.
Hazırda ABŞ hərbi-dəniz qüvvələri regiona "Karl Vinson" aviadaşıyıcı gəmisinin başda olduğu zərbə qrupu cəlb edib.
Ekspertlər hesab edir ki, Şimali Koreyanın 30 nüvə başlığı var. Pxenyan rejimi orta mənzilli ballistik raketləri bu başlıqlarla təchiz edərək, Yaponiya və Cənubi Koreyanı asanlıqla vura bilər.
Aytən Novruzova / Metbuat.az