Artıq bir neçə gündür ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərində irimiqyaslı təlimlərə başlayıb.
Metbuat.az xəbər verir ki, təlimlər cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində keçirilir. Ağır artilleriyadan, iri çaplı silahlardan açılan atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.
Aprelin 16-dan Azərbaycan Silahlı Qüvvələri də prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə genişmiqyaslı təlimlərə başlayıb. Təlimlər aprelin 21-dək davam edəcək.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən ehtiyatda olan mayor, hərbi jurnalist Rahib Qərib iki ölkənin hərbi təlimlər arasındakı fərqlərdən danışıb:
“Azərbaycan və Ermənistanın keçirdiyi təlimlər arasında böyük fərqlər var. Rusiyadan Ermənistana nə qədər hərbi dəstək nümayiş etdirilsə də, onların texnikası Azərbaycan ordusunun texnikasından dəfələrlə aşağı səviyyədədir. İştirak etdiyim 10-15 silah sərgisində Rusiya silahlarının müasir standartlara cavab vermədiyinin şahidi olmuşam. Hətta Moskvadakı parad zamanı onların silahlarında bəzi qüsurların olduğunu bütün dünya gördü. Azərbaycan ordusu isə tam olmasa da, NATO standartlarına uyğunlaşmağa doğru gedir. Aprel döyüşləri ordumuzun gücünü sübut edib. Əsgərlərin döyüş ruhu arasında da kəskin fərqlər var. Ölkəmizdə əsgərlərin yaşayış şəraitinin daha da yaxşılaşdırılması üçün səylər artırılır. Ermənistan ordusundakı zorakılıq halları, özbaşınalıq, intihar halları isə günbəgün artır. Aprel döyüşləri zamanı ordumuzun işğaldan azad etdiyi ərazilərdə yerləşən bir neçə səngərdə oldum. Oradakı üfunət və natəmizlikdən nəfəs belə almaq mümkün deyildi. Belə olan halda hansı yüksək döyüş ruhlu əsgər və güclü ordudan söhbət gedə bilər? Ordu əsgərdən başlayır”.
Aytən Novruzova / Metbuat.az