Türkiyədə 16 apreldə keçirilən konstitusiyanın 18 maddəsində dəyişiklik edilməsini nəzərdə tutan ümumxalq səsverməsinin nəticələri açıqlanıb.
Metbuat.az xəbər verir ki, türk xalqı 51,37% səslə konstitusiya dəyişikliyinə “hə” deyib. Bununla da, uzun illik idarəçilik sistemi ləğv edilib.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zəfəroğlu referendum nəticələrinin Türkiyə-Azərbaycan və beynəlxalq münasibətlərə göstərə biləcəyi təsirlərdən danışıb:
“Ümumiyyətlə, hər hansı seçkinin nəticəsinin nə olmasından asılı olmayaraq, Azərbaycan-Türkiyə münasibətləri elə sağlam və əsaslı təməllər üzərində qurulub ki, ona təsir etmək çox çətindir. Hesab edirəm ki, Türkiyənin daxili siyasi sisteminə yönəlik dəyişiklikləri nəzərdə tutan səsvermənin nəticələrinin bizim münasibətlərimizə mənfi təsiri olmayacaq. Türkiyənin mövcud durumda sərgilədiyi aktiv Yaxın Şərq siyasətində siyasi nöqteyi-nəzərdən qərarların daha çevik qəbul edilməsinə və uyğulanmasına müsbət təsirini göstərəcək. Demək mümkündür ki, bu müəyyən mənada rəsmi Ankaranın həm daxili, həm xarici siyasətdə manevr imkanlarını artıracaq. Təbii ki, seçkinin nəticələri və qəbul edilən dəyişikliklər Qərblə münasibətlərə də təsir göstərmiş olacaq. Bildiyiniz kimi, Qərbin bu dəyişikliklərə münasibəti isti deyildi və istər siyasilərin birbaşa açıqlamalarında, istərsə də Qərb mediasında sərgilənən münasibətdə bunu görmək mümkündür. Digər tərəfdən referendumla əlaqədar ölkə xaricində təbliğatın qurulması ilə bağlı yaradılan ciddi əngəllər və bunun nəticəsində rəsmi şəkildə Ankaranın Qərbin ünvanına açıq və ciddi ittihamlar irəli sürməsi də vacib məqamlardandır. Şübhəsiz ki, referendumun nəticələri Qərblə münasibətlərin daha da soyumasına səbəb olacaq”.
Aytən Novruzova / Metbuat.az