Bu kişi qadın tuflisi ilə dünyanı fəth etdi... (FOTO)

Bu kişi qadın tuflisi ilə dünyanı fəth etdi... (FOTO)
17:21 7 Yanvar 2015
656 Sosial
Ölkə mətbuatı
A- A+

Christian Louboutin ayaqqabıları qadına özünü bənzərsiz hiss etməyə kömək edir.

Bu gün ən məşhur ayaqqabı dizayneri, qırmızı altlıqlı ayaqqabılarla dünyanı fəth edən Kristian Labuten 52 yaşını qeyd edir. Dizayner 1963-ci ildə Fransada doğulub, ilk ayaqqabısını 16 yaşında ikən yaradıb. 1991-ci ildə öz adı altında ayaqqabı və aksessuarlar xəttini işə salır, 1991-ci ildə Parisdə "Passage Vero-Dodat" mağazasını açır. Mağaza qısa müddətdə yaxınlıqdakı əntiq əşya dükanlarını gəzən aristokrat parislilərin rəğbətini qazanır.



1992-ci ildə yaratdığı qırmızı laklı ayaqqabıları dizaynerin vizit kartı olub. Məhz onun sayəsində 1990-cı və 2000-ci illərdə dikdabanlar dəbə qayıdır. Kristian Labuten ayaqqabıların altlıqlarını həmişə al-qırmızı rəngə boyayır və bu üsulu "follow me" (məni izlə) adlandırır. "Parlaq qırmızı altlıqların xüsusi bir funksiyası yoxdur, onlar sadəcə olaraq ayaqqabının mənə mənsub olduğunu göstərir".



Christian Louboutin ayaqqabıları milyonlarla qadının istək obyektidir. Buro 24/7 redaksiyası brendin tarixindən ən yaddaqalan 5 hadisəni xatırlayır.

"Marie Antoinette" kolleksiyası
Kristian Labuten limitli kolleksiyalarından birini XVIII əsr Fransa kraliçası, Kral XVI Lüdovikin sevimli xanımı Mariya Antuanettaya həsr edib. 36 cüt ayaqqabının daxil olduğu kolleksiya həm də incəsənət nümunəsi kimi diqqətəlayiqdir. Qiymətli kolleksiyada bir tuflinin qiyməti 5 min dollardan başlayır.


"Crazy Horse" ilə kollaborasiya
2012-ci ildə brendin 20 illiyi münasibətilə Kristian Labuten Parisin məşhur "Crazy Horse" kabaresi ilə birləşdi. Həmin il Labuten özünü təkcə dizayner kimi deyil, rejissor kimi də sınadı. Onun rejissorluğu ilə səhnədə "Feu" (Alov) adlı 4 musiqili tamaşa nümayiş olundu. Rəqqasələrin çıxışı isə ayrıca müzakirə mövzusu oldu.


"Pigalle" modelinin yaranması
Elə əşyalar var ki, onlar moda tarixində əbədi qalacaq. Bu siyahıda Christian Louboutin-dən klassik "Pigalle" tufliləri var. Hündürdaban ayaqqabılar Parisin "Qırmızı fənərlər" küçəsinin şərəfinə adlandırılıb. 10 il öncə yaradılmasına baxmayaraq, bu gün də "Pigalle" Christian Louboutin markasının ən çox satılan modelidir.


"FETISH" sərgisi
2009-cu ildə Kristian Labuten və rejissor Devid Linç "FETISH" adlı birgə layihələrini təqdim etdilər. Qadağan olunmuş istəklərə və tabuya həsr olunmuş fotosərgi üçün Labuten xüsusi ayaqqabı seriyası yaratdı. Layihədə modellər qismində "Crazy Horse" rəqqasələri, fotoqraf olaraq isə Devid Linç çıxış etdi.


İv Sen-Loranın sonuncu şousu
Moda dünyasının iki əfsanəvi fiquru - İv Sen-Loran və Kristian Labutenin əməkdaşlığı tarixə yazılıb. Modelyer 2002-ci ildə sonuncu kolleksiyasını təqdim etdikdən sonra öz brendini tərk etdi. Bu möhtəşəm şou üçün Kristian Lubutan xüsusi kolleksiya yaratmışdı.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR