Möhtəşəm su festivalı Qubada - FOTOLAR

Möhtəşəm su festivalı Qubada - FOTOLAR
23:48 1 May 2017
155 İdman
Ölkə mətbuatı
A- A+

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti mayın 1-də Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi olan qədim Qubada davam edib.

Publika.az xəbər verir ki, axşam saatlarında Quba Meydanında möhtəşəm su festivalı keçirilib. Tədbiri minlərlə qubalı və şəhərin qonaqları izləyib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilərək bildirilib ki, 50-dən çox İslam ölkəsinin atleti idmanın 20 müxtəlif növü üzrə 10 gündən artıq müddətdə yarışlarda mübarizə aparacaqlar. Mayın 12-dən 22-dək davam edəcək yarışlar Bakının ən müasir 16 idman meydançasında təşkil olunacaq. İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi qubalı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna, o cümlədən Quba mərhələsinə nəzər salınıb.

Görüntüləri izlədikdən sonra su qabını daşıyan ağırlıqqaldırma üzrə respublika çempionu Famil Mikayılov, kikboksinq üzrə dünya çempionatının gümüş medalçısı Fərid Həmzəyev, şahmat və rəsm həvəskarı Günel Qonaqova səhnəyə dəvət olunublar.

“Mirvari”, “Şərq inciləri” rəqs qruplarının, müğənnilər Sevil Rəcəbova və İbrahim Qubalının çıxışları tamaşaçıların ürəyincə olub. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı mayın 3-də paytaxtın Qaradağ rayonu olacaq.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Quba mərhələsinə mayın 1-də Afurca şəlaləsindən suyun götürülməsi ilə start verilib.

Ölkənin ən məşhur şəlalələrindən sayılan Afurca rayonun cənubunda yerləşir. O, təbiətin yaratdığı ən gözəl abidələrdən biri hesab olunur. Təxminən 60 metr hündürlükdən axan şəlalə geoloji təbiət abidəsi kimi qeydə alınıb və dövlət tərəfindən qorunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/197190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR