Bakı. Elçin Mehdiyev - Trend:
Bakıda keçirilən forum bizə turizmin inkişafı istiqamətində mühüm məsələləri müzakirə etmək üçün geniş imkanlar yaradır.
Trend-in məlumatına görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, turizm mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynayır: "Turizm özünün davamlı inkişafına görə son 10 ildə öndə gedən sahələrdən birinə çevrilib və bu gün dünya iqtisadiyyatında mühüm yer tutur. Turizm sektoru çoxlu sayda iş yerlərinin açılmasına səbəb olur və inkişaf edən ölkələr üçün mühüm bir amilə çevrilib. Bu baxımdan Bakıda keçirilən forum bizə geniş imkanlar yaradır ki, turizmin inkişafı istiqamətində mühüm məsələləri müzakirə edək. Forum çərçivəsində turizmlə bağlı xüsusi bir sessiya təşkil olunacaq və qarşıda duran mühüm vəzifələr müzakirə olunacaq, fikir və təcrübə mübadiləsi aparılacaq. Bu cür tədbirə ev sahibliyi etdiyinə görə, Azərbaycana təşəkkür edirəm".
Qeyd edək ki, Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işinə başlayıb. Mayın 6-dək davam edəcək Forum çərçivəsində bu gün Mədəniyyətlərarası və Dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci Akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı keçirilir.
Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü də keçiriləcək. Forum çərçivəsində keçiriləcək sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri, Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak edirlər.
Forum artıq 4-cü dəfədir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.