Mayın 30-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində milli musiqi sənətinin görkəmli nümayəndəsi,məşhur kamança ustası,xalq artisti Habil Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.Tədbirdə Habil Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx numayiş olundu.
Milli.Az bildirir ki, ilk olaraq səhnəyə gecənin aparıcısı Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimli çıxaraq sənətkarın ömür yolundan, Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərindən danışıb. O bildirib ki,muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi.
Qeyd olunub ki,milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nəaliyyətlərinə görə Habil Əliyev bir çox mükafatlara,adlara ,"Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
Tədbirdə Xalq artisti Firəngiz Əlizadə vurğulayıb ki,ötən əsrin 50-ci illərinin sonunda boyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının,muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapıb.
Xalq şairi Nəriman Həsənzadə çıxışında qeyd edib ki,Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr,xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırıb.Təkrarolunmaz ifaçılıq məharəti,mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib.
Tədbirə xalq artistləri Arif Babayev,Canəli Əkbərov,Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və incəsənət xadimləri,ailə üzvləri və habilsevərlər toplaşmışdılar.
Gecədə sənətkarın ifa etdiyi muğamlar və bəstələdiyi mahnılar tanınmış xanəndələr tərəfindən ifa olundu.Xalq calğı alətləri ansamblının müşayiətilə xalq artistləri Mənsum İbrahimov,Aygün Bayramova,Naxçıvan MR əməkdar artisti Ehtiram Hüseynov və basqaları muğam və təsniflər ifa ediblər.
Milli.Az