Hər 100 kilometrə görə 4-7 manat... - Pullu yollar bizi hara aparacaq?

Hər 100 kilometrə görə 4-7 manat... - Pullu yollar bizi hara aparacaq?
14:53 21 İyun 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Pullu yol dünya təcrübəsində geniş yayılsa da, Azərbaycanda yoxdur. Yaxın gələcəkdə ölkədə bəzi yolların pullu olacağı istisna edilmir. Əlbəttə, ilk baxışdan Azərbaycanda heç kim "pullu yol" anlayışını qəbul etmək istəməyəcək. Nəyə görə pullu yol? Bu yolun fərqli cəhəti nədir ki, biz burada getmək üçün pul ödəyək? Təcrübə göstərir ki, pullu yolların tikilməsində məqsəd daha komfortlu yolçuluqdur.

Beynəlxalq təcrübəyə görə, belə yolları adətən özəl sektor nümayəndələri tikir və sonradan sərf edilən məsrəfi sürücülərin hesabına geri qazanır. Hər avtomobilə görə ödənilən məbləğ isə nəqliyyat vasitəsindən, onun çəkisi və təkərlərinin oxundan asılı olaraq dəyişir. Beynəlxalq təcrübə göstərir ki, ödənişli yollar avtomobillərin sıx olduğu ölkələrdə qəza hallarının və ətraf mühitin çirklənməsinin qarşısını alır. Bu yollarda moped, motosiklet, traktor və marşrut taksiləri, fövqəladə hallar üçün nəzərdə tutulmuş xüsusi təyinatlı avtomobillər, humanitar yardım aparan maşınlar və silahlı qüvvələrə məxsus olan nəqliyyat vasitələri ödənişdən azaddırlar.

Çox uzağa getməyək, Belarusda, Qazaxıstanda, İranda, Rusiyada bu cür yollar mövcuddur. Belarusda çəkisi 3.5 tondan artıq olan maşınlar belə yollarda pul ödəyirsə, Qazaxıstanda paytaxt Astananı kurort şəhəri Şuçinsklə birləşdirən 224 km-lik yol bütün maşınlar üçün pulludur. Azərbaycanın cənub bölgəsini Qəzvindən ta Tehranadək birləşdirən yol, Rusiyada isə bir çox magistral yollar üçün pul tələb olunur.

Son 10 ildə Azərbaycandakı geniş “tikinti bumu”nun yaşandığını nəzərə alsaq, ağır tikinti materiallarını daşıyan yük avtomobilləri yolları da sürətlə yararsız hala salırlar. Odur ki, Azərbaycan üçün Belarus təcrübəsi ilk mərhələdə daha məqsədəuyğun hesab oluna bilər.

Azərbaycanda ilk pullu yol təcrübəsi kimi Bakı-Ələt-Astara-İran sərhədi magistral yolu nəzərdə tutulub. Bu barədə publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlama verib:

“Düzdür, bu hələ ki, sadəcə təklifdir. Yəni, ortada rəsmi bir qərar yoxdur. Pullu yolun pulsuz yoldan əsas fərqi daha qısa, daha sürətli olması, yaşayış məntəqələrindən keçməməsidir ki, nəticədə insan daha tez və rahat mənzil başına çatır. Yeni tikilən yol yalnız Nazirlər Kabinetinin qərarı ilə tikilib-yekunlaşdıqdan sonra pullu ola bilər. Üstəlik keçmiş alternativ yol da yenidən qurulduqdan sonra digər yolun pullu olması nəzərdə tutulur. Yəni asfalt örtüyünün keyfiyyəti baxımından pullu və pulsuz yollar arasında fərq olmamalıdır”.

A.Nəcəfli pullu yol üçün nəzərdə tutulan məbləği və sürət həddini də açıqladı:

“Biz bu təcrübəni ilk dəfə tətbiq etmək istəyirik. Ona görə də, bu qiymət və sürət məsələləri hələ dəqiqləşməyib. Lakin nəzərdə tutulub ki, hər kilometrə görə 4-7 qəpik olsun. Sürət həddi barədə isə nəsə demək yanlış olar. Hazırda Azərbaycan ərazisində 110 km-dən yuxarı sürət həddi yoxdur. Ancaq ödənişli yollar tamam fərqli olur. Bu yol yaşayış məntəqəsindən kənarda olur. Hətta yaşayış məntəqələrindən keçsə belə, həmin hissədə yolun kənarları qapalı olur və bura insanların, heyvanların keçməsinə məhdudiyyət qoyulur. Buna görə də sürət həddinin artırılması mümkün ola bilər”.

Nəzərə alsaq ki, Bakı-Ələt-Astara magistral yolu üzərində Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara rayonları yerləşir, o zaman pullu yoldan ən çox bu rayonların sakinləri istifadə edəcəklər. Anar Nəcəfli sürət yolundan rayon mərkəzlərinə getmək üçün təhlükəsiz keçid qoyulacağını da sözlərinə əlavə etdi.

Hər nə qədər ilk baxışdan bu yol əhali üçün yaxşı görünməsə də, müsbət tərəfləri çox olacaq. Qəza halları və yollardakı sıxlıq azalacaq. Kənardan yola hər hansı canlının girişi olmadığı üçün sürücülər daha sərbəst və sürətli hərəkət edəcək. Üstəlik bu yol əvvəlkindən 40 km qısa olacaq. Odur ki, yolun pullu olması sürücüləri narahat etməsin. Həm yolun qısalığı, həm də əvvəlki yolla müqayisədə enişsiz-yoxuşsuz olması yanacaq sərfiyyatını azaldacaq. Nəticədə səfər xərci təxminən pulsuz yola sərf edilən məbləğlə eyni olacaq.

Amin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR