Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI
19:42 21 İyun 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun 21-də saat 18:45-dən etibarən Mərkəzin internet saytında yerləşdirib. 

DİM-dən Milli.Az-a verilən məlumata görə, bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Mərkəzin internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq. 

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 8189 bakalavrdan 6233 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2352 nəfərini dövlət sifarişi, 3881 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3906 nəfəri ali təhsil müəssisələrinin cari, 2327 nəfəri isə əvvəlki illərin məzunudur.

Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 4 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanlar 2017-ci il iyunun 29-dan  iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR