Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar

Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar
00:53 23 İyun 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

“Feysbuk” sosial şəbəkəsində bir qrup gənc “Gözüm ol mənim” layihəsinə qoşulub.

Layihənin ideya müəllifi Amerikanın “Halt Beynəlxalq Biznes” kolleci məzunu Orxan Yusifov Publika.az-a verdiyi müsahibədə qeyd edib ki, qrupu yaratmaqda məqsəd görmə məhdudiyyətli gəncləri bir araya toplamaq və onları cəmiyyətə qazandırmaqdır:

“2-ci bir məqsədimiz də vardır ki, bu, könüllü kitab oxumaq istəyən dostlarımıza görmə əngəlli insanları tapmaqda yardımçı olmaqdır.

Hər iki tərəfin həm yaşadığı ünvana (eyni şəhər, rayon), həm də maraqlarına, zövqlərinə (bədii kitablar, elmi kitablar və s.) uyğun olaraq görüşüb kitab oxuması, söhbətləşməsi görmə əngəlli dostlarımız üçün böyük əhəmiyyət kəsb edir. Çünki, yaşadığımız ölkədə fiziki məhdudiyyətli insanlar sosial, ictimai və mədəni sferadan uzaq tutulur, onların cəmiyyətdəki mövqeləri nəzərə alınmır. Məhz bu problemlərə diqqət çəkməklə, həm də onların yaşadığı problemlərin həllinə nail olmağa çalışırıq.

Hazırda “Gözüm ol mənim” qrupunun 250-dən çox üzvü var. Qrupu açdığımız andan etibarən bizə onlarla könüllü dəstək verdi və kitab oxuya biləcəklərini bildirdi. Lakin bizim problemimiz könüllü kitab oxumaq istəyənlərin deyil, əksinə, görmə əngəlli dostlarımızın azlığıdır”.

Hazırda Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası üzrə təhsil alan görmə əngəlli Zəkəriyyə Qurbanov ideyanın onlara böyük fayda verdiyini dedi:

“Orxan Yusifov bizi görmə məhdudiyyətli insanlar üçün açılmış xüsusi kitabxana vasitəsilə tapdı. Bizim üçün kitab oxumaq istədiyini deyəndə çox sevindik. Çünki, dərslərimizi oxumaq, daha doğrusu, oxuya bilməmək çox böyük problemdir. Qrup yoldaşlarımız və başqa dostlarımız bizə kömək etsə də, bu davamlı olmur və biz dərslərimizdən geri qalırıq. Ona görə də Orxanın ideyasını məmnuniyyətlə qəbul etdik. O, bir neçə ay hər həftə bizə kitab oxumağa gəldi. Daha sonra bu ideyanı başqa insanlarla bölüşməyi qərara aldıq və beləliklə, bu qrupu yaratdıq.”

Qrupun görmə məhdudiyyətli üzvü, Azərbaycan Pedaqoji Universitetinin məzunu və 1 nömrəli tibb kollecinin 3-cü kurs tələbəsi Fikrət Amiloğlu bildirdi ki, bu qrupun yaradılma ideyasını ilk dəfə eşidəndə böyük həyəcan və gərginlik keçirib.

“Gözüm ol mənim” qrupu sayəsində həm dərslərimizdə, həm bədii mütaliəmizdə böyük uğurlar əldə etdik. Dostlarımız bizim üçün fəlsəfə, ədəbiyyat, dilçilik elmləri ilə bağlı müxtəlif mövzularda olan kitablar oxuyur və bu haqda öz düşüncələrini bizimlə paylaşırlar. Qrupun bizim dünyagörüşümüzdə, həyata baxışımızda müsbət yöndə təsirləri böyükdür. Bunun üçün başda Orxan olmaqla, bütün könüllü dostlarımıza öz təşəkkürümüzü bildiririk.

Azərbaycanda görmə məhdudiyyətli insanların sayı kifayət qədərdir. Lakin onlar cəmiyyət içinə çıxmaq istəmir, bununla da kompleksə düşürlər. Onlara demək istəyirəm ki, fiziki məhdudiyyətli olmaq bizim seçimimiz deyil. Buna görə utanmağa dəyməz. Bizim bu qrupda çox mehriban dostlarımız var. Onlarla vaxt keçirmək sizin rəngsiz dünyanıza rəng qatacaq. Ona görə də vaxt itirmədən bizim sıralarımıza qoşulun. Birlikdə bu dünyanı hamı üçün daha gözəl bir yerə çevirək”.

Qeyd edək ki, Bakıda görmə məhdudiyyətli insanlar üçün kitabxana mövcuddur. Lakin bu kitabxana çox passiv fəaliyyətdədir. Qrupun görmə əngəlli üzvlərinin bildirdiyinə görə, kitabxanada kitab səsləndirmək üçün lazım olan bütün avadanlıqlar mövcuddur, lakin onlardan heç kim istifadə etmir. Görmə məhdudiyyəti olan insanlar üçün kitab sonuncu dəfə 2010-2011-ci illərdə səsləndirilib.

Zümrüd

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR