“Report”un məlumatına görə, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov “Azərtac”a müsahihibəsində deyib.
O bildirib ki, Azərbaycana qarşı Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarların sayı digər ölkələrlə müqayisədə qat-qat azdır: “Belə ki, 2016-cı ildə Azərbaycana qarşı cəmi 16 qərar çıxarılıb. Halbuki əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılıb. Ümumiyyətlə, Məhkəmənin fəaliyyətinə nəzər yetirsək görərik ki, çıxarılan bütün qərarların təxminən yarısı yalnız 4 ölkəyə: Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olub.
Avropa Məhkəməsinə Azərbaycandan daxil olan şikayətlərin sayı isə ümumi Avropa göstəricisindən demək olar ki, 2 dəfə azdır. Belə ki, Avropada 10 min əhaliyə orta hesabla 0,64 şikayət düşdüyü halda, bu göstərici Azərbaycan üzrə 0,34 təşkil edir. Ölkəmizlə müqayisədə digər dövlətlərdən, o cümlədən Avropa İttifaqının üzvlərindən olan Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, habelə Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olub.
Amma bu bizdə heç də arxayınlıq yaratmır, hüquq sistemimizin inkişafı naminə Avropa Konvensiyasının və məhkəmə presedentlərinin öyrənilməsi və tətbiqi işi əzmlə davam etdirilir”.