Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Yasamal Rayon Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini, dosent Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevin barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə Z.Mirağayev vəsatətlə çıxış edib.
O, fakültənin tələbə və müəllim heyətindən bir neçə nəfərin məhkəmədə dindirilməsini istəyib.
Vəsatətdə həmin şəxslərin atalarının adları, ev ünvanları qeyd etmədiyinə üçün hakim onların kimliyini müəyyənləşdirə bilməyib. Məhkəmə vəsatəti rədd edib.
N.İsmayılzadənin müdafiəçisi Kamandar Nəsibov çıxışında bildirib ki, Z.Mirağayev dekan müavini haqqında səsləndirdiyi rüşvət ittihamlarını sübuta yetirə bilmədiyinə görə bu cür vəsatətlərlə prosesi uzatmaq istəyir. O, məhkəmə istintaqının yekunlaşmasını istəyib.
Daha sonra Z.Mirağayevin vəkili Elçin Sadıqov istintaqın yekunlaşmasına etiraz edib. O, məhkəmənin hələ yetərincə araşdırma aparmadığını, dindirlməsini istədikləri şahidlərin gəlib rüşvət faktını təsdiqləyə biləcəklərini söyləyib.
Hakim qeyd edib ki, tələbə Z.Mirağayevə öz sübutlarını ortaya qoymaq üçün yetərincə şərait yaradılıb, hətta ötən məhkəmə iclasında vəsatət qaldırıb, dindirilməsini istədiyi şahidlərə çağırış vərəqəsi də göndərilib: "Lakin həmin adamlar məhkəməyə gəlməyiblər".
Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Vəkil K.Nəsibov tələbənin mətbuata müsahibələrində, yazdığı yazılarda dekan müavininə böhtan atdığını bildirib: "Zəka Mirağayev məhz həbslə cəzalandırılmalıdır".
Digər vəkil Sadiq Rəsulov çıxışında bildirib ki, Z.Mirağayev müvəkkilini "İlahiyyat fakültəsinin adına layiq olmayan şəxs” adlandırmaqla, onu təhqir edib: "Ona görə də tələbə Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyirəm".
N.İsmayılzadə də hər iki vəkilinin çıxışı ilə razılaşdığını deyib.
Vəkil E.Sadıqov isə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası iyulun 7-nə təyin edilib.
Qeyd edək ki, BDU-un İlahiyyat fakültəsinin dekan müavini, dosent N.İsmayılzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, həmin fakültənin 4-cü kurs tələbəsi Z.Mirağayevin Cinayət Məcəlləsinin (CM) 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsini istəyir. O, məhkəməyə müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib.
Dekan müavininin iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də onun haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə N.İsmayılzadə özünün ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirildiyini deyib.
Məhkəmə iclasında N.İsmayılzadənin vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edib. Belə ki, dekan müavini tələbənin CM-nin 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. İddia əlavə icraata qəbul olunub.