Metbuat.az Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla müsahibəni təqdim edir:
- Azad İstehlakçılar İctimai Birliyini necə yaratdınız?
- Mən uzun müddət təhsil sahəsində çalışmışam. Bu təşkilatdan öncə son iş yerim Kommersiya Texnikumu idi. Sovet vaxtı orada marketinq və menecmenti öyrədirdik. Daim fikir verirdim ki, alıcıların hüquqlarından heç kəs danışmır. Fikirləşirdim ki, biznesi, dövləti, ordunu saxlayan istehlakçıdır. Nə üçün istehlakçıların hüquqları qorunmasın?
1995-ci ildə “İstehlakçıların hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub. Həmin qanunun 27-ci maddəsində qeyd olunub ki, istehlakçılar birləşib özlərinin hüquqlarını qoruyan təşkilat yarada bilər. Mən 1997-ci ildə istehlakçıların hüquqlarını qoruyan ilk Azad İstehlakçılar İctimai Birliyini yaratmaq üçün təşəbbüs göstərdim. 1 il ərzində dəfələrlə Ədliyyə Nazirliyi təşkilatı qeydə aldı, sənədləri vermədi, qeydiyyatı ləğv etdi. Uzun mübarizədən sonra 1997-ci ilin 31 yanvarında Azad İstehlakçılar Birliyi dövlət qeydiyyatına alındı. 1998-ci ildə beynəlxalq əlaqələr qurmağa başladıq. Gürcüstanın İstehlakçılar təşkilatı ilə əlaqə yaratdıq. Artıq 1998-ci ildə AİİB Beynəlxalq İstehlakçılar təşkilatının (Comsumers İnternational) üzvü oldu. 1998-ci ildə məni Belçikanın Tomas Mor universitetinə ixtisasartırma kursuna çağırdılar. "Comsumers İnternational"-a üzv olduqdan sonra dünyanın 120 ölkəsi ilə əlaqə yarandı.
Bu günə kimi Azad İstehlakçılar Birliyi Azərbaycanı 120 ölkədə təbliğ və təmsil edir. Bir çox qeyri-hökumət təşkilatlarından fərqli olaraq AİİB siyasiləşməmiş qeyri-hökumət təşkilatıdır. Dünyanın yeganə istehlakçı təşkilatıdır ki, istehlakçı hüquqlarını tam təmənnasız qoruyur. Ona görə ofisimizdə ayrıca bir şüar var: “Xoşbəxtlik almaq deyil, təmənnasız verməkdir, xidmət göstərməkdir”. Biz bu ideologiya ilə yaşayırıq.