Ötən ilin noyabr ayında baş verən təyyarə qəzasından sağ çıxan Braziliyanın "Şapekoense" klubunun futbolçusu Alan Ruşçel futbola dönüb. Fanat.Az xəbər verir ki, 27 yaşlı müdafiəçi 239 gün sonra meydana çıxıb.


Klubunun Braziliyanın C Seriyası təmsilçilərindən "İpiranqa" ilə oynadığı yoxlama matçının 40-cı dəqiqəsində meydana çıxan Alan oyundan sonra "Sanki mədəmdə kəpənəklər uçurdu, ancaq geri dönməyə hazıram" deyib.


Qəzadan sağ çıxan digər futbolçu Helio Neto isə 2018-ci ildə yaşıl meydanlara dönəcək.


Qeyd edək ki, "Şapekoense"ni Sudamerikana Kubokunun "Atletiko Nasional"la final matçına aparan təyyarə Kolumbiyanın Medellen şəhəri yaxınlığında qəzaya uğramışdı. Nəticədə klubun rəhbər şəxsləri, futbolçuları və jurnalistlər daxil olmaqla 71 nəfər həlak olmuşdu.


Fanat.Az