Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məcburi köçkünlərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Rabil Rəhimov və Şəfayət İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirirlən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Hər iki şəxs özünü təqsirli bildiyini söyləyib. Lakin onlar bəzi epizodlar üzrə rəqəmlərin düzgün olmadığını, zərərçəkmişlərdən ittihamda göstərilən qədər pul almadıqlarını bildiriblər.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslər pullarını ələ keçirdikləri şəxsləri Abşeron qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş binalara apararaq, mənzilləri göstəriblər. Zərərçəkmişlər deyiblər ki, onların əlində mənzillərin açarları da olub və birlikdə evlərə baxıblar.
Zərərçəkmişlər qeyd edib ki, R.Rəhimov və Ş.İsmayılov onlara satacaqları evlərlə bağlı sənədləri də imzalatdırıblar.
İttiham aktına əsasən, R.Rəhimov və Ş.İsmayılov Abşeron qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan bir neçə vətəndaşa ev satacaqlarını vəd edərək, onlara qarşı dələduzluq ediblər.
Belə ki, hər iki şəxs Zülfiyyə Hüseynovanın etibarından sui-istifadə edərək 5400, Etibar Əliyevin 4000, Tehran Məmmədovun 6000, Bəxtiyar Əzizovun 4000, Nazilə Ağayevanın 2000, Səyyarə Çələbiyevanın 6000, Sevil Emilovanın 7000, Səməd Əbilovun 3500, Kəmalə Quliyevanın 16000, Ləman Əliyevanın 15000, Şahin Abdullayevin 8030, Rafiq Cəfərovun 13600, Cabir Məmmədovun 8000 və Ceyhun Qurbanovun isə 45000 manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
R.Rəhimov və Ş.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Xatırladaq ki, təqsirləndirilən şəxsin hər ikisi məcburi köçkündürlər.