UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub

UNEC-də sosial biznes konsepsiyası müzakirə olunub
12:22 13 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC), Təhsil Nazirliyinin dəstəyi, bu ali təhsil ocağının, eləcə də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Azərbaycan Yunus Sosial Biznes Mərkəzinin təşkilatçılığı ilə “Sosial Biznes: Azərbaycanda Reallıqlar və Perespektivlər” mövzusunda konfrans keçirilib.
Bu barədə “Report”a BAMF-dən bildirilib.
Məlumata görə, tədbirdə çıxış edən universitetin rektoru Ədalət Muradov sosial biznesin diqqət cəlb edən mövzu olduğunu və cəmiyyətə azad kapitalizm ideyasının alternativi kimi təqdim edildiyini deyərək onun özəlliklərindən danışıb: “Burada sahibkarlıq fəaliyyətinin məqsədi mənfəət deyil, cəmiyyətdəki problemlərin həllidir. Bu baxımdan əminliklə deyə bilərəm ki, biz, təhsil müəssisəsi olaraq müəyyən mənada sosial bizneslə məşğuluq. Məzunlarımızın işlə təmin olunması qarşımızda çox ciddi məsələ kimi dayandıqda Nobel Mükafatçısı Məhəmməd Yunusun “sən iş axtarma, iş yarat!” fikri bizə mükəmməl bir ideya verir”.
Konfransda Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun videomüraciəti yayımlanıb. O, Azərbaycana səfərini məmnuniyyətlə xatırlayaraq, BAMF prezidenti Umud Mirzəyev və UNEC rektoru Ədalət Muradovla görüşündən bəhs edib: “Görüşlərimizdə bu qənaətə gəldik ki, biz diqqətimizi sosial biznes üzərində cəmləyərək münasibətlər qura bilərik və indi də bunu uğurla icra edirik. Mən əminəm ki, Azərbaycan höküməti insanların problemlərini həll etmək istiqamətində müvafiq addımlar atır, amma insanlar da həyatlarını özləri qurmaqda fəal olmalıdırlar. Bu, mənim inamımdır”.
U.Mirzəyev isə Məhəmməd Yunus və Yunus Mərkəzi ilə uzun müddətdən bəri davam edən dostluq və əməkdaşlıq münasibətlərindən danışaraq onun Azərbaycana səfəri zamanı ölkə rəhbəri ilə, bəzi rəsmilərlə görüşünün əhəmiyyətinə toxunub: “Məhəmməd Yunusun ölkəmizə səfərindən sonra prezidentin fikirləri, göstəriş və tapşırıqları sosial biznes ideyası ətrafında yeni təşəbbüs və yanaşmaların tətbiqini zəruri edib”. U.Mirzəyev M.Yunusu insanları öz ideyalarına inanmağa sövq edən ideya generatoru adlandırıb. O, UNEC, Yunus Sosial Biznes Mərkəzi və BAMF arasında bağlanan üçtərəfli memorandum sayəsində bir müddətdir ki, sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində görülən işlərdən söz açıb.
Konfransda çıxış edən digər məruzəçilər də sosial biznesin əhəmiyyətini, sosial startapçılıq, sosial biznesdə insan faktoru, ixrac məsələlərinin gücləndirilməsi, iqtisadi etimadın formalaşması və.s məsələlərə toxunublar. Məruzəçilər bu ideyanın vətəndaş təşəbbüslərinin artırılması, təsərrüfat sahələrinin inkişafındakı roluna diqqət çəkiblər.
Konfrans müzakirələrlə davam etdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/unec-de-sosial-biznes-konsepsiyasi-muzakire-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR