Peşəsindən, statusundan, vəzifəsindən, siyasi mövqeyindən və digər xüsusiyyətlərindən asılı olmayaraq, xalqımızın demək olar ki, bütün nümayəndələri prezidentin həmin gün imzaladığı sərəncamdan danışır, hər kəs malik olduğu məntiqi bacarıqlar çərçivəsində həmin sərəncamı, onun doğuracağı nəticələri müzakirə edirdi.
Bu gün həm də Azərbaycanda siyasi, eyni zamanda sosial-iqtisadi islahatların sistemli başlanğıcı kimi tarixin yaddaşına həkk olunmaqda idi. Çünki, məhz bu gün Azərbaycan dövlətinin icra qanadında yeni və bir o qədər də önəmli olan vitse-prezidentlik institunun fəaliyyətinə start verildiyi gündür. Dövlət başçısının sərəncamı ilə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Birinci vitse-prezident təyin edildi. Bir çoxları düşünə bilər ki, axı Azərbaycanda belə bir idarəçilik yeniliyinə təlabat nədən yarandı?
Əslində bəzi amilləri düşünəndə və analiz edəndə bu təyinatın zamanın tələbi olduğunu anlamaq o qədər də çətin deyil. Azərbaycan dünyada baş verəcək iqtisadi böhran, eləcə də onun doğura biləcəyi siyasi təlatümləri öncədən hiss etmiş və buna görə də 2016-cı ildə keçirilən referendumda vitse-prezidentlik üsul-idarəsi ilə bağlı təkliflər əksini tapmışdı. Çünki dünyada baş verənlərə qarşı ölkədə iqtisadi və siyasi sabitliyi təmin etmək üçün adekvat addımların atılması dövlətin müxtəlif qollarında islahatlar və yeniliklər tələb edirdi. Referendumda xalq bu yeniliyi dəstəklədikdən sonra artıq vitse-prezidentlik institutunun yaradılması üçün heç bir maneə qalmadı. Çünki həyata keçiriləcək yeni islahatların çoxşaxəli və effektiv icrası üçün dövlətin icra qolunun gücləndirilməsinə böyük ehtiyac vardı. Belə ki, ölkənin yeni iqtisadi şəraitə adaptasiyası üçün sürətli və yerində qərarlar qəbul edilməli və onların icrası da ciddi nəzarətlə həyata keçirilməli idi. Vitse-prezident vəzifəsi və onun bazasında yaradılan yeni kabinet dövlətin həyata keçirdiyi islahatların daha səmərəli icrasında mühim bir orqana çevrildi. Təsadüfi deyil ki, bu yolu illər öncə keçən Amerika Birləşmiş Ştatları, Cənubi Afrika Respublikası, bəzi Avropa və Latın Amerikası ölkələri dövlətin cəmiyyətin həyatında daha fəal iş aparmaq üçün məhz vitse-prezidentlik instutuna müraciət ediblər.
Elə Azərbaycanın 26 illik müstəqillik tarixinə də nəzər salsaq görərik ki, dövlətin qanunverici və məhkəmə qanadlarında indiyədək kifayət qədər islahatlar aparılmışdı. Ancaq prezidentin rəhbərlik etdiyi icraedici hakimiyyət qanadında sistem əhəmiyyətli ciddi dəyişikliklər olmamışdı. Buna görə dövlətin icra hakimiyyətində yaradılan vitse-prezidentlik institutu zamanın tələbi olmaqla yanaşı, eyni zamanda dövlətin digər qollarında həyata keçirilən islahatları tamamlamış oldu.
Birinci vitse-prezident seçimi zamanı, məhz Azərbaycanın birinci xanımına üstünlük verilməsi isə heç cür təsadüfi seçim sayıla bilməzdi. Çünki ölkədə yeni iqtisadi-sosial islahatlar dalğası başlayırsa, bu işdə cəmiyyətin böyük nüfuzunu qazanan və insanların inamını daim qoruyacaq bir şəxsin seçilməsi mütləq idi. Mehriban Əliyeva isə bu etimadı, insanların müsbət münasibətini hələ Heydər Əliyev Fondunun prezidenti, eyni zamanda millət vəkili olarkən qazanmışdı. Azərbaycanda insanların maddi, mənəvi, eləcə də sağlıq problemləri ilə ən yaxından maraqlanan, onlara ən çox dəstək olan bir qurum kimi Heydər Əliyev Fondu böyük güvən əldə etmişdi. Hətta nəinki, Azərbaycanda, həmçinin Avropanın, Asiyanın bir sıra ölkələrində maddi-mənəvi irsin qorunmasına, təhsil ocaqlarının yaradılmasına dəstək verən Heydər Əliyev Fondu, məhz onun rəhbəri Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində ölkə sərhədlərini aşmış və beynəlmiləl bir xeyriyyə Fondu kimi adını dünyaya duyura bilmişdi.
Heydər Əliyev Fondunun rəhbəri, eləcə də millət vəkili, daha sonra isə Azərbaycanın Birinci vitse-prezidenti kimi böyük məsuliyyət tələb edən vəzifələri ölkənin birinci xanımı öz üzərinə götürərkən hər kəsin gözdən qaçırdığı bir məqam vardı. Sosial-siyasi fəaliyyətlərdən kənarda dayanıb, rahat bir həyat tərzi seçmək əvəzinə, birinci xanım belə məsuliyyətli və ağır vəzifələri niyə qəbul etmişdi? Bu sualın yəqin ki, bir cavabı var. Azərbaycan sevgisi və bu ölkəni irəliyə aparmaq əzmi.
Birinci vitse-prezident yeni vəzifəyə təyin olunarkən qeyd etmişdi ki, daha çox sosial məsələlərin həlli ilə məşğul olacaq. Bu açıqlama elə ölkədə başlayan sosial-iqtisadi islahatların sürətlə davam etdiriləcəyi və sosial problemlərin həllində dövlətin daha qətiyyətli addımlar atacağı mesajı idi. Onu da xatırlatmaq yerinə düşər ki, istənilən dövlətin nə qədər iqtisadi gücü, siyasi nüfuzu olsa da, onun daxili sabitliyi və xalq-iqtidar birliyini şərtləndirən amil həmin dövlətin sosial siyasətinə bağlıdır. Məhz həssas sosial qruplarla ən peşəkar səviyyədə işləmək təcrübəsinə hələ Heydər Əliyev Fondundan yaxşı bələd olan Mehriban Əliyeva üçün sosial sahədə yeni islahatların aparılması və onların icrasına nəzarət edilməsi yəqin ki, mümkün olan ən yüksək səviyyədə icra ediləcək. Necə ki, Heydər Əliyev Fondu minlərlə insanın ölkə daxilində, eləcə də xaricdə dərdlərinə dərman olmuşdu, eləcə də cəmiyyətin sosial problemlərinin həlli üçün də bütün vasitələrdən istifadə olunacaq.
Birinci vitse-prezidentin sosial islahatlar və dövlətin sosial siyasətinin icrasına birbaşa nəzarət etməsi, həm də bu sahədə indiyədək mövcud olan neqativ halların qısa zamanda ortadan qaldırılacağı mesajıdır. Dövlətin xoş niyyətindən istifadə edərək vəzifə tutan, ancaq məqsədi öz şəxsi ambisiyalarını təmin etmək olan bir qrup dırnaqarası məmur qrupu da yəqin artıq fəndlərinin işə keçmədiyini görəcək və vəzifələri ilə vidalaşmalı olacaqlar. Bu məsələdə Birinci vitse-prezidentin qətiyyəti hamıya məlumdur. Çünki, xalqa xidmət elə bir mənəvi məsuliyyət və paklıq tələb edir ki, müxtəlif əməllərlə şəxsi mənfəətləri üçün çalışan şəxslər heç vaxt I vitse-prezidentin komandasında yer ala bilməzlər. Və insanlara xidmət vitse-prezidentin gündəmində əsas istiqamət olduğu üçün buna mane olan hər kəs layiq olduğu cəzanı da alacaq. Ona görə ki, belə şəxslər etdikləri əməllə təkcə özlərinə deyil, siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan bir dövlətin də adına ləkə gətirirlər. Buna görə də bu yolun ləkələrdən, çirkablardan təmizlənməsi yəqin ki, insanlara xidmətdə irəliyə doğru atılacaq ən vacib addımlardan biri olacaq. Çünki dövlətin ali məqsədlərinə gedəcək yollar təmizlənmədən, hədəfə çatmaq mümkün deyil. Buna görə Birinci vitse-prezidentin kadr siyasətində də ciddi addımlar atacağı qaçılmazdır. Elə buna görə də həm dövlət rəsmiləri, həm də Azərbaycan cəmiyyəti vitse-prezidentlik institunun yaradılmasını önəmli hadisə hesab edir və bu yenilikdən dövlətin, xalqın rifahı naminə gözləntilər böyükdür.
Vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov