“Azərbaycanda müəllimlərin əmək haqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb”.
Bunu təhsil naziri Mikayıl Cabbarovmüəllimlərə dövlət təltiflərinin təqdimetmə mərasimində bildirib. O, son 3 ildə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparıldığını deyib. Bu müddətdə 150 min müəllimin bilik və bacarıqları yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.
Nazir qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçirilən
müəllimlərin əmək haqqı artırılıb, orta aylıq əmək haqqı 465 manat
təşkil edib: “Bu ildən başlayaraq, Təhsil Nazirliyi tərəfindən
mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən
müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə
bərabər tutulub və onların əmək haqqı gələn ildən artırılacaq. Bu
il 49 min müəllim işə qəbul olmaq üçün mərkəzləşdirilmiş
imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə 3 dəfə
çoxdur. Müsabiqə nəticəsində 5600-dən çox müəllim daimi işə qəbul
edilib”.
M. Cabbarov vurğulayıb ki, bu il yüksək bal toplayan tələbələr
arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul
imtahanlarında 500-dən yuxarı bal toplayan 1359 nəfər tələbə
müəllimlik ixtisasını seçib. (apa)